Multikulturalizm Mərkəzinin islamofobiya ilə bağlı iki kitabı çap olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) islamofobiyaya qarşı mübarizə istiqamətində iki kitabı – “Avropa islamofobiya hesabatı”, “İslamofobiya Şərq və Qərbin “divanı” çap olunub. 
“Avropa islamofobiya hesabatı”nın 9-cu nəşri irqçilik və insan hüquqları üzrə ixtisaslaşmış 33 alim və mütəxəssisi bir araya gətirir və 2023-cü ildə Avropada İslamofobiyanın vəziyyətinə toxunur. Kitabda Qəzzada davam edən müharibənin təsirləri, Avropa hökumətlərinin BMT-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı qətnaməsinə laqeydliyi müzakirə olunur. 
“İslamofobiya Şərq və Qərbin “divanı” kitabının müəllifləri BBMM-in baş məsləhətçisi Araz Qurbanov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, tədqiqatçı Kamal Qasımov, baş məsləhətçisi BBMM-in icraçı direktoru Rəvan Həsənov, elmi məsləhətçiləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Qəmər xanım Cavadlı, professor Ramiz Sevdimalıyevdir.
 Kitabda İslamofobiya ilə bağlı həm elmi faktlara, həm də real həyatdan nümunələrə əsaslanan aydın və sadə dildə yazılmış təhlillər yer alır. Məqsəd yalnız islamofobiyanın nə olduğunu izah etmək deyil, həm də bu problemin qarşısının alınması üçün ictimai şüurun, təhsilin və dialoqun nə qədər vacib olduğunu, eyni zamanda İslam sivilizasiyasının Qərb mədəniyyətinin inkişafına təsirini göstərməkdir. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, BBM-in əsas fəaliyyət istiqamətlərindən biri də müasir dünyada ciddi qlobal problemə çevrilmiş islamofobiya ilə mübarizədir. BBMM islamofobiyanın mahiyyətini dini ayrı-seçkilik, dözümsüzlük və nifrət zəminində formalaşan təhlükəli ideoloji meyil kimi qiymətləndirir və bu halların qarşısının alınmasını multikultural təhlükəsizliyin mühüm tərkib hissəsi hesab edir. Mərkəzin islamofobiya ilə mübarizə sahəsində fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq konfrans və forumların təşkili və bu platformalarda problemin qlobal miqyasda müzakirəyə çıxarılmasıdır. BBMM-in təşəbbüsü ilə keçirilən tədbirlərdə müxtəlif ölkələrdən alimlər, din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri və media təmsilçiləri iştirak edərək islamofobiyanın səbəbləri, nəticələri və ona qarşı mübarizə mexanizmləri barədə fikir mübadiləsi aparırlar. Bu cür tədbirlər islamın sülh, tolerantlıq və humanizm dəyərlərinə əsaslanan din kimi düzgün təqdim olunmasına xidmət edir. BBMM eyni zamanda elmi-analitik fəaliyyətə xüsusi önəm verir. İslamofobiya mövzusunda araşdırmaların aparılması, kitab və məqalələrin nəşri, ekspert rəylərinin hazırlanması Mərkəzin bu sahədə həyata keçirdiyi mühüm işlər sırasındadır.
 

Etiketlər