XVII Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” adlı XVII Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb.
Qeyd edək ki, fevral ayının 25-dən mart ayının 3-dək davam edən XVII Beynəlxalq Multikulturalizm Məktəbində dünyanın 20 ölkəsindən 25-dən artıq tələbə iştirak edib. İştirakçılar Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarına səfər edərək Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşaması haqqında ətraflı məlumat əldə ediblər.
Məktəb çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunub. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat veriblər.
Xatırladaq ki, Beynəlxalq Multikulturalizm Məktəbi layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Sonda XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub.