Polşa nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
Polşa Müsəlman Dini Birliyinin Ali Müsəlman Kollecinin sədri Tomaş Mişkeviç və Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar. BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. O vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olub və bu ənənə bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qorunub saxlanılır. İcraçı direktor bildirib ki, Mərkəzin həm ölkə daxilində, həm də xaricdə təşkil etdiyi konfranslar, seminarlar, yay-qış məktəbləri müxtəlif ölkələrdən olan ekspertlərin, tələbə və tədqiqatçıların Azərbaycan multikulturalizmi ilə yaxından tanış olmasına şərait yaradır. Eyni zamanda, bir sıra nüfuzlu xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi həyata keçirilir ki, bu da ölkənin bu sahədə qazandığı təcrübənin akademik müstəvidə paylaşılmasına imkan verir.
Rəvan Həsənov həmçinin dini tolerantlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinin qlobal miqyasda artan çağırışlar fonunda xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. O, Polşa ilə bu sahədə əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydalı ola biləcəyini bildirərək, xüsusilə Polşa Müsəlman Dini Birliyi ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını yüksək qiymətləndirib.
Tomaş Mişkeviç Azərbaycandakı multikultural mühit və dini tolerantlıq ənənələri yüksək qiymətləndirib, bildirib ki, müxtəlif din və mədəniyyət nümayəndələrinin dinc və qarşılıqlı hörmət şəraitində yaşaması müasir dünyada nümunə kimi təqdim oluna biləcək bir modeldir. O qeyd edib ki, Polşa da tarixən müxtəlif dini icmaların bir arada yaşadığı ölkələrdən biridir və bu baxımdan Azərbaycanla ortaq dəyərləri mövcuddur.
Səfir Pavel Radomski diqqətə çatdırıb ki, Azərbaycan ilə Polşa arasında münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır və bu cür görüşlər əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir. O, gələcəkdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayaraq, əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.