“Multikulturalizm işığında Azərbaycanın milli-mənəvi dəyərləri” mövzusunda elmi seminar keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Bakı Mühəndislik Universiteti ilə birgə (BMU) təşkilatçılığı ilə “Multikulturalizm işığında Azərbaycanın milli-mənəvi dəyərləri” mövzusunda elmi seminar keçirilib. Multikulturalizm anlayışının elmi və sosial aspektlərini müzakirə etmək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və təbliği məsələlərinə diqqət çəkmək məqsədi ilə təşkil olunan seminarda BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov məruzə ilə çıxış edib. O, çıxışında multikulturalizm anlayışının mahiyyəti, çoxmədəniyyətlilik və müxtəlif mədəniyyətlərin bir arada yaşaması prinsipləri haqqında geniş məlumat verib. Bildirib ki, multikulturalizm yalnız həyat tərzi deyil, eyni zamanda Azərbaycanda və bir sıra ölkələrdə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Tolerantlıq prinsipinə toxunaraq qeyd edib ki, multikulturalizm müxtəlif xalqların və mədəniyyətlərin öz kimliyini qoruyaraq cəmiyyət daxilində qarşılıqlı hörmət və əməkdaşlıq mühitində yaşamasına imkan yaradır. Çıxışda dünyada multikulturalizmin mövcud vəziyyəti və bu sahədə müxtəlif ölkələrin təcrübəsi barədə fikirlər də səsləndirilib.      
Seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb, multikulturalizm ideyalarının təbliği istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyəti vurğulanıb.

Etiketlər