Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "The Daily Baku" saytına eksklüziv müsahibə verib
Rəvan Həsənov: Azərbaycan üçün multikulturalizm konsepsiya deyil, həyat fəlsəfəsidir - EKSKLÜZİV MÜSAHİBƏ
Azərbaycan tarixən müxtəlif etnik və dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı nadir məkanlardan biri kimi formalaşıb. Bu gün tolerantlıq və multikulturalizm ölkədə yalnız ictimai münasibətlərin deyil, eyni zamanda dövlət siyasətinin əsas sütunlarından biridir. Mövzunun daha dərindən təhlili üçün “The Daily Baku” redaksiyası Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovdan müsahibə alıb. Müsahibədə Azərbaycanın multikultural modeli, post-münaqişə dövründə mədəni irsin qorunması, gənclərin bu dəyərlərlə tərbiyəsi və Azərbaycanın dünyaya verdiyi mesajlar ətraflı şəkildə şərh olunur.
– Azərbaycanda tolerantlıq gündəlik həyat tərzidir. Ölkədə yəhudilər, ləzgilər, udilər və digər xalqlar uzun illərdir bir cəmiyyətdə problemsiz yaşayır. Sizcə bu mühitin formalaşmasının əsas səbəbi nədir və Azərbaycanı bu baxımdan bir çox ölkələrdən fərqləndirən cəhət hansıdır?
– Azərbaycanda tolerantlığın gündəlik həyat tərzinə çevrilməsi təsadüfi deyil, bu, tarixi, sosial və siyasi amillərin vəhdətindən formalaşmış davamlı bir mühitin nəticəsidir. Ölkəmizin yerləşdiyi coğrafi məkan – Şərqlə Qərbin, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu ərazi – əsrlər boyu fərqli etnik və dini icmaların birgəyaşayışını zəruri edib. Yəhudilər, ləzgilər, udilər, talışlar, avarlar və digər xalqlar bu torpaqlarda uzun illər ərzində yalnız yanaşı deyil, qarşılıqlı hörmət və etimad əsasında birgə yaşayıblar. Bu birgəyaşayış zamanla cəmiyyətin şüurunda tolerantlığı norma, fərqliliyi isə zənginlik kimi qəbul edən həyat fəlsəfəsinə çevirib.
Bu mühitin formalaşmasının əsas səbəblərindən biri multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olmasıdır. Azərbaycanda tolerantlıq süni şəkildə yaradılmış anlayış deyil; o, ailə münasibətlərində, məhəllə həyatında, adət-ənənələrdə və gündəlik ünsiyyətdə təbii şəkildə yaşanır. Fərqli dinlərə və millətlərə mənsub insanlar eyni məkanları bölüşür, bir-birinin bayramlarını və kədərini paylaşır, bu da cəmiyyət daxilində dərin sosial harmoniyanı təmin edir.
Eyni zamanda, multikulturalizm Azərbaycanda yalnız ictimai davranış modeli ilə məhdudlaşmır, o, dövlət siyasətinin mühüm və məqsədyönlü istiqamətidir. Azərbaycan dövləti multikultural dəyərləri strateji prioritet kimi qəbul edir və bu siyasəti ardıcıl şəkildə həyata keçirir. Konstitusiyada bütün xalqların bərabərliyi, dini etiqad azadlığı və mədəni hüquqların qorunması təsbit olunub. Bununla yanaşı, multikulturalizmin qorunması və təşviqi məqsədilə kifayət qədər hüquqi və institusional islahatlar aparılıb, müvafiq dövlət qurumları yaradılıb, proqramlar və layihələr həyata keçirilir. Bu, tolerantlığın yalnız bəyanat səviyyəsində deyil, real idarəetmə mexanizmləri vasitəsilə təmin edildiyini göstərir.
Azərbaycanı bir çox ölkələrdən fərqləndirən əsas cəhət isə dövlətin öz ərazisində tarixən yaşamış bütün xalqların dillərinin, adət-ənənələrinin və inanclarının qorunub saxlanılmasında xüsusi maraqlı olmasıdır. Bu maraq təkcə prinsipial mövqe deyil, həm də konkret addımlarla müşayiət olunur. Milli azlıqların dillərində təhsil və nəşrlər dəstəklənir, dini ibadət məkanları qorunur və bərpa olunur, mədəni tədbirlər üçün maddi və təşkilati dəstək göstərilir. Eyni zamanda, bu icmaların mənəvi dəyərləri dövlət tərəfindən hörmətlə qarşılanır və cəmiyyətin ümumi mədəni irsinin ayrılmaz hissəsi kimi təqdim olunur.
Nəticə etibarilə, Azərbaycanda tolerantlıq üç əsas sütun üzərində qurulub: xalqın həyat tərzi, dövlətin ardıcıl və düşünülmüş siyasəti və bu siyasəti icra etmək üçün yaradılmış güclü hüquqi və inzibati baza. Məhz bu vəhdət Azərbaycanda multikultural mühiti davamlı, canlı və nümunəvi edir və ölkəni bu sahədə bir çox dövlətlərdən fərqləndirən əsas amil kimi çıxış edir.
– Bu gün qloballaşma bir çox ölkələrdə mədəni fərqləri arxa plana keçirir. Azərbaycanda isə fərqli mədəniyyətlər qorunur və yaşadılır. Sizcə Azərbaycan bu balansı necə saxlayır?
– Qloballaşma prosesləri bir çox cəmiyyətlərdə vahid həyat tərzini, oxşar dəyərləri və davranış modellərini ön plana çıxararaq mədəni fərqliliklərin tədricən zəifləməsinə səbəb olur. Azərbaycan isə bu prosesdə fərqli bir yol seçərək qloballaşmanın imkanlarından faydalanmaqla yanaşı, milli və mədəni müxtəlifliyi qorumağı bacaran nadir ölkələrdəndir. Bu balansın saxlanılması bir neçə mühüm amillə izah oluna bilər.
Əvvəla, Azərbaycanda mədəni müxtəliflik qloballaşmaya alternativ deyil, onun ayrılmaz və tamamlayıcı hissəsi kimi qəbul edilir. Dövlət və cəmiyyət qlobal dünyaya inteqrasiyanı öz kimliyindən imtina kimi deyil, milli-mənəvi dəyərlərin beynəlxalq miqyasda təqdimatı üçün fürsət kimi görür. Bu yanaşma nəticəsində Azərbaycan qlobal proseslərə açıq qalır, eyni zamanda öz tarixi köklərinə və mədəni irsinə söykənir.
Azərbaycan cəmiyyətində güclü mədəni özünüdərk mövcuddur. Qloballaşmanın təsirlərinə baxmayaraq, cəmiyyət fərqliliyi milli təhlükə deyil, sosial zənginlik kimi qəbul edir. Bu baxımdan, fərqli mədəniyyətlərin qorunması yalnız dövlətin təşəbbüsü deyil, həm də ictimai dəstək alan ümummilli dəyərdir. İnsanlar öz mədəni kimliklərini qoruyaraq qlobal məkanda iştirak etməyi təbii proses kimi qəbul edirlər.
Düşünürəm ki, Azərbaycan modeli selektiv qloballaşma prinsipi üzərində qurulub. Yəni qlobal dəyərlər və texnoloji yeniliklər qəbul edilir, lakin onlar yerli mədəni kontekstə uyğunlaşdırılır. Bu yanaşma milli-mənəvi dəyərlərin aşınmasının qarşısını alır və qloballaşmanı mədəni homogenləşmə deyil, qarşılıqlı zənginləşmə prosesinə çevirir.
– Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan təkcə məscidləri yox, eyni zamanda kilsələri və Alban məbədlərini də bərpa edir. Siz bu addımları Azərbaycanın tolerantlıq və multikulturalizm siyasəti baxımından necə şərh edirsiz və bu yanaşma dünyaya hansı mesajı verir?
– Qarabağ işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma prosesi təkcə fiziki infrastrukturu deyil, eyni zamanda Azərbaycanın dəyərlər sistemini və mədəni-siyasi baxışını əks etdirir. Bu kontekstdə məscidlərlə yanaşı kilsələrin və Alban məbədlərinin də bərpa olunması Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətinin məntiqi və ardıcıl davamı kimi qiymətləndirilməlidir.
Əvvəla, bu addımlar göstərir ki, Azərbaycan üçün dini və mədəni irs selektiv deyil, bütövdür. Qarabağ Azərbaycanın tarixi torpağı olmaqla yanaşı, müxtəlif sivilizasiyaların və dinlərin izlərini daşıyan bir məkandır. Dövlət həmin ərazilərdə mövcud olmuş bütün dini-mədəni irsi – kimə məxsus olmasından asılı olmayaraq – ümumbəşəri və milli sərvət kimi qəbul edir. Məhz bu yanaşma məscidlərin bərpası ilə yanaşı xristian kilsələrinin və Qafqaz Albaniyasına aid məbədlərin də qorunmasını zəruri edir.
İkincisi, bu proses Azərbaycanın multikulturalizminin yalnız sülh dövründə deyil, post-münaqişə mərhələsində də dəyişməz prinsip olduğunu nümayiş etdirir. Uzun illər ərzində işğal altında qalmış ərazilərdə dini və mədəni abidələrin dağıdılması fonunda, Azərbaycanın azadlıqdan sonra bərpa və qoruma siyasəti intiqam və nifrət üzərində deyil, hüquq, ədalət və tarixi yaddaşın bərpası üzərində qurulduğunu sübut edir. Bu isə tolerantlığın situativ deyil, dərin dəyərlərə söykənən dövlət siyasəti olduğunu açıq şəkildə göstərir.
Üçüncüsü, kilsələrin və Alban məbədlərinin bərpası Azərbaycanın öz tarixini olduğu kimi qorumaq iradəsini ortaya qoyur. Qafqaz Albaniyası irsi bu torpaqların çoxqatlı tarixi kimliyinin mühüm tərkib hissəsidir və onun qorunması həm elmi-tarixi məsuliyyət, həm də mədəni ədalət məsələsidir. Dövlətin bu irsə xüsusi diqqət yetirməsi Azərbaycanın tarixi həqiqətlərə əsaslanan, inklüziv yaddaş siyasəti apardığını göstərir.
Bu yanaşmanın dünyaya verdiyi əsas mesaj isə aydındır: Azərbaycan dini və mədəni irsi münaqişələrin alətinə çevirmir. Əksinə, mədəni irsi sülhün, dialoqun və qarşılıqlı hörmətin vasitəsi kimi təqdim edir. Qarabağda müxtəlif dinlərə aid abidələrin yanaşı şəkildə bərpası göstərir ki, Azərbaycan üçün multikulturalizm deklarativ şüar deyil, konkret addımlarla təsdiqlənən praktik siyasətdir.
Nəticə etibarilə, Qarabağda məscidlərin, kilsələrin və Alban məbədlərinin eyni konsepsiya çərçivəsində bərpası Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin ən güclü təzahürlərindən biridir. Bu siyasət beynəlxalq ictimaiyyətə Azərbaycanın post-münaqişə dövründə də humanist, inklüziv və sülhyönlü yanaşmaya sadiq qaldığını nümayiş etdirir və ölkəni mədəni irsin qorunması sahəsində nümunəvi model kimi təqdim edir.
– Bu gün sosial şəbəkələr gənclərin dünyagörüşünə ciddi təsir edir. Sizcə tolerantlıq və multikultural dəyərlər gənc nəsilə necə ötürülməlidir ki, bu ənənə gələcəkdə də qorunsun?
– Bu gün sosial şəbəkələr gənclərin dünyagörüşünün formalaşmasında əsas məkanlardan birinə çevrilib və bu, tolerantlıq və multikultural dəyərlərin ötürülməsi prosesinə həm çağırışlar, həm də yeni imkanlar yaradır. Bu dəyərlərin gələcək nəsillərə ötürülməsi yalnız ənənəvi üsullarla deyil, müasir kommunikasiya vasitələri ilə düşünülmüş və sistemli yanaşma tələb edir. Hesab edirəm ki, tolerantlıq və multikulturalizm gənclərə abstrakt anlayışlar kimi deyil, Azərbaycan reallığında yaşanan həyat təcrübəsi kimi təqdim olunmalıdır. Sosial şəbəkələrdə ölkəmizdə müxtəlif xalqların və dini icmaların gündəlik həyatını, birgə fəaliyyətlərini, ortaq bayramları və sosial həmrəyliyi əks etdirən real hekayələr, vizual kontent və şəxsi nümunələr paylaşılmalıdır. Dövlətin multikulturalizm siyasəti gənclər üçün anlaşılan və cəlbedici dildə izah olunmalıdır. Təhsil proqramları ilə sosial media məzmunu arasında əlaqə qurulmalı, məktəblərdə və universitetlərdə öyrədilən multikultural dəyərlər rəqəmsal platformalarda davam etdirilməlidir. Bu baxımdan, gənclərin özlərinin məzmun istehsalçısına çevrilməsi – bloqlar, podkastlar, qısa videolar vasitəsilə tolerantlıq mövzusunda danışması – xüsusilə effektivdir. Digər bir tərəfdən rəqəmsal mühitdə nifrət dili, dezinformasiya və radikal çağırışlarla mübarizə xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda tolerantlıq ənənəsinin qorunması üçün gənclərə tənqidi düşünmə bacarıqları aşılanmalı, fərqli fikirlərə hörmətlə yanaşma mədəniyyəti təşviq olunmalıdır. Bu prosesdə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin maarifləndirici təşəbbüsləri vacib rol oynayır.
– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri olmaq şəxsən sizin üçün nə ifadə edir, bu istiqamətdə rəhbərlik etdiyiniz mərkəzin son illər aktiv fəaliyyəti izlənilir. Mərkəziniz Azərbaycanın bu misilsiz dəyərini qorumaq, gənc nəsillərə ötürmək, beynəlxalq arenada təmsil etmək kimi məsələlərlə vəzifələndirilib. Yaxın dövrlər üçün planlarınız nədən ibarətdir?
– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə rəhbərlik etmək mənim üçün təkcə inzibati vəzifə deyil, böyük mənəvi məsuliyyət və cənab Prezident İlham Əliyev tərəfindən mənə olan etimadın ifadəsidir. Çünki multikulturalizm Azərbaycan üçün sadəcə bir konsepsiya deyil, əsrlər boyu formalaşmış həyat tərzi, bu gün isə dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsidir. Bu Mərkəzə rəhbərlik etmək, əslində, xalqımızın bu misilsiz dəyərini qorumaq, inkişaf etdirmək və dünyaya düzgün şəkildə təqdim etmək missiyasını daşımaq deməkdir.
Son illər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə artan maraq təsadüfi deyil. Mərkəz öz işini yalnız nəzəri çərçivədə deyil, praktik, tətbiq olunan və beynəlxalq miqyasda səs gətirən layihələr üzərində qurub. “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi, beynəlxalq yay və qış məktəbləri, xarici tədqiqatçılar üçün təqaüd proqramları, multikulturalizm mövzusunda nəşrlər və elmi konfranslar Mərkəzin bu sahədə sistemli və davamlı yanaşmasının göstəricisidir. Bu layihələr vasitəsilə multikulturalizm ideyası yalnız ölkə daxilində deyil, müxtəlif regionlarda akademik və intellektual müzakirə predmetinə çevrilib.
Mərkəzin əsas vəzifələrindən biri Azərbaycanın multikultural dəyərlərini gənc nəsillərə ötürməkdir. Bu istiqamətdə fəaliyyətimiz gəncləri sadəcə dinləyici kimi deyil, prosesin aktiv iştirakçısı kimi cəlb etməyə yönəlib. Gənclərlə dialoq formatları, təlimlər, regional səfərlər və sosial layihələr vasitəsilə multikulturalizm onlara abstrakt anlayış kimi deyil, gündəlik həyatın real təcrübəsi kimi təqdim olunur. Məqsədimiz odur ki, gənclər bu dəyərləri hazır model kimi qəbul etməsin, onu öz dünyagörüşlərinin təbii hissəsinə çevirsinlər.
Beynəlxalq müstəvidə isə Mərkəz Azərbaycan multikulturalizmini alternativ və uğurlu model kimi təqdim etməyə davam edir. Müxtəlif ölkələrdə keçirilən konfranslar, tərəfdaş qurumlarla birgə layihələr, akademik və mədəni platformalarda iştirak göstərir ki, Azərbaycan təcrübəsi qlobal miqyasda maraq doğurur. Xüsusilə dinlərarası və mədəniyyətlərarası dialoq, post-münaqişə dövrlərində mədəni irsin qorunması kimi mövzularda Mərkəzin mövqeyi beynəlxalq diskursun bir hissəsinə çevrilib.
Yaxın dövrlər üçün planlarımız bu fəaliyyətin daha da dərinləşdirilməsinə yönəlib. İlk növbədə, multikulturalizm mövzusunda tədqiqatların coğrafiyasını genişləndirməyi, yeni regionlarda akademik əməkdaşlıqları gücləndirməyi planlaşdırırıq. Eyni zamanda, rəqəmsal platformalar üzərindən gənclərə yönəlmiş yeni layihələr, onlayn təhsil və multimedial məzmunlar üzərində işləyirik ki, multikultural dəyərlər müasir informasiya mühitində də effektiv şəkildə təbliğ olunsun.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq prosesləri fonunda multikultural irsin qorunması mövzusunun elmi və ictimai müzakirələrə çıxarılması da prioritetlərimizdəndir. Bu istiqamətdə beynəlxalq ekspertlərin iştirakı ilə platformalar yaratmaq, Azərbaycanın post-münaqişə dövründə tolerantlıq siyasətini dünyaya təqdim etmək əsas məqsədlərimizdən biridir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə rəhbərlik etmək mənim üçün keçmişə hörmət, bu günə məsuliyyət və gələcəyə inam deməkdir. Bizim əsas hədəfimiz Azərbaycanın multikultural dəyərini qorumaqla yanaşı, onu yaşayan, inkişaf edən və qlobal miqyasda qəbul olunan bir model kimi gələcək nəsillərə ötürməkdir.
– Müxtəlif icmalara məxsus insanlarla görüşərkən bu görüşlərdən hansı təəsüratlarla ayrılırsınız, onlardan gələn dəyərləndirmələr necə olur?
– Müxtəlif dini və etnik icmalara məxsus insanlarla görüşlər mənim üçün sadəcə rəsmi təmaslar deyil, Azərbaycanın multikultural mühitinin canlı təzahürünü birbaşa hiss etdiyim çox dəyərli ünsiyyət məqamlarıdır. Bu görüşlərdən, adətən, bir ortaq hisslə ayrılıram: etimad və qarşılıqlı hörmət. İnsanların bir-birinə və dövlətə olan bu etimadı Azərbaycanın multikultural modelinin ən real və səmimi göstəricisidir.
İcmaların nümayəndələri ilə söhbətlər zamanı ən çox diqqətimi çəkən məqam onların özlərini bu cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etmələridir. Onlar milli, dini və ya mədəni kimliklərini qorumaqla yanaşı, Azərbaycan vətəndaşı olmaqdan qürur duyduqlarını vurğulayırlar. Bu, multikulturalizmin yalnız hüquqi təminatla məhdudlaşmadığını, eyni zamanda psixoloji və sosial mühit kimi formalaşdığını göstərir.
Görüşlər zamanı icmalardan gələn dəyərləndirmələr əsasən iki istiqamətdə olur. Birincisi, dövlətin onların dillərinə, inanclarına və mədəni irsinə göstərdiyi diqqət və dəstəyə yüksək qiymət verilir. İbadət məkanlarının qorunması, mədəni tədbirlərin keçirilməsi, təhsil və nəşr imkanları icma üzvləri tərəfindən konkret nümunələr üzərindən qeyd olunur. Bu, həyata keçirilən siyasətin real ehtiyaclara cavab verdiyini göstərir.
İkincisi isə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə olan münasibətdir. İcmalar Mərkəzi təkcə koordinasiya edən qurum kimi deyil, onları dinləyən, dialoq yaradan və problemləri birgə müzakirə edən platforma kimi qəbul edirlər. Onların təklif və ideyalarının nəzərə alınması, birgə layihələrə cəlb olunmaları Mərkəzə olan inamı daha da gücləndirir.
Bilirsiniz müxtəlif icmalarla görüşlərdən mən hər dəfə bir daha əminliklə ayrılıram ki, Azərbaycan multikulturalizmi real həyatın içində yaşayan, insanları birləşdirən və cəmiyyəti gücləndirən dəyərdir.