Rəvan Həsənov BMT-nin ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb
Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb. BMT-nin Sivilizasiyalar Alyansının ofisində keçirilən görüşdə nümayəndə heyətinin rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Paşazadə, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev iştirak ediblər. Görüş zamanı Azərbaycanda formalaşmış multikultural və tolerant mühit, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və anlayışa əsaslanan münasibətlər, eləcə də dövlətin bu dəyərlərin qorunmasına və inkişafına verdiyi dəstək barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan hər zaman dinlərarası dialoqun və sülhün təşviqinə töhfə verən təşəbbüslərlə çıxış edir. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti İslamofobiyaya qarşı qlobal səviyyədə mübarizəni dəstəkləyir, bu istiqamətdə beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı ilə sıx əməkdaşlıq edir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin dinc yanaşı yaşadığı bir məkandır. Bu ənənə bu gün də dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qorunur və beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur. Azərbaycanın multikulturalizm modeli artıq beynəlxalq miqyasda tanınır.
Migel Anxel Moratinos Azərbaycan hökumətinin multikulturalizm, dinlərarası harmoniya və tolerantlıq istiqamətində həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib. O, Azərbaycanın islamofobiyaya qarşı mübarizədə göstərdiyi təşəbbüsləri, xüsusilə də beynəlxalq platformalarda dialoq və qarşılıqlı anlaşma çağırışlarını təqdir etdiyini bildirib. Moratinos vurğulayıb ki, Azərbaycan bu sahədə nümunəvi ölkə kimi qəbul olunur. O, gələcəkdə BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycanın birgə layihələr, konfranslar və maarifləndirici təşəbbüslər həyata keçirməsinin məqsədəuyğun olduğunu qeyd edib.
Tərəflər islamofobiyanın qarşısının alınması, mədəniyyətlərarası dialoqun genişləndirilməsi və dini dözümlülüyün təşviqi istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər.