ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

ATƏT regionunda antisemitizmlə mübarizəyə həsr olunan konfrans keçirilib. Berlin Bəyənnaməsinin (Berlin Bəyannaməsi 28-29 aprel 2004-cü il tarixlərində ATƏT-in Antisemitizm üzrə ikinci konfransında qəbul olunub) 20 illiyinə həsr olunan konfransda antisemitizmlə mübarizədə irəliləyişlər nəzərdən keçirilib, davamlı problemlərin effektiv şəkildə necə həll oluna biləcəyi müzakirə olunub. 
ATƏT-in fəaliyyətdə olan sədrlərinin antisemitizmlə mübarizəyə həsr olunmuş illik konfrans və görüşlərinin davamı olan tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman iştirak edərək, Azərbaycandakı multikultural mühit barədə milli bəyanat verib. Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan ardıcıl olaraq nifrətə qarşı mübarizəni, müxtəlif cəmiyyətlərin inteqrasiyasını asanlaşdıran, tolerantlıq və ayrı-seçkiliyin qarşısını alan siyasətin təşviq edilməsini müdafiə edir. Vurğulayıb ki, Azərbaycan antisemitizmin sıfır səviyyəsində olan dövlətlər sırasındadır. Azərbaycanda beş yəhudi icması və səkkiz sinaqoq var, onlardan ikisi dövlətin maliyyəsi ilə tikilib. Cənubi Qafqazın ən böyük yəhudi məktəbi də Bakıda fəaliyyət göstərir.
Konfransda dözümsüzlüyün və antisemitizmin bütün formaları birmənalı şəkildə pislənib. 2024-cü il Konfransında ATƏT və onun iştirakçı dövlətləri üçün antisemitizmlə mübarizədəki boşluqları aradan qaldırmaq və dini və mədəni sərhədlər boyunca etimad və dinc yanaşı yaşamaq üçün səyləri gücləndirmək üçün yenilənmiş gündəlik müəyyənləşdirib.