Vyanada beynəlxalq konfrans keçirilib

Vyanada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycanın Avstriyadakı səfirliyi, və Vyana Yəhudi Etiqad İcmasının təşkilatçılığı ilə “Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, anlaşma və sülh: Yəhudi icmalarının baxışları” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Azərbaycan və İsrailin Avstriyadakı səfirləri, Multikulturalizm Mərkəzinin icraçı direktoru, Azərbaycan və Avstriya yəhudi icmalarının rəhbər şəxsləri və icma nümayəndələri iştirak ediblər. 
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında bildirib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir, əsrlərdən bəri ölkəmizdə müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələri dinc şəkildə birgə yaşayırlar. Mədəniyyətlərarası və dinlərarası dialoqun genişləndirilməsi üçün qlobal platforma kimi Azərbaycan tərəfindən 2011-ci ildən bəri iki ildən bir təşkil edilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi müxtəlif təşəbbüslər irəli sürülüb.
Vyana Yəhudi Etiqad İcmasının prezidenti Oskar Doyç, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və İsrail Dövlətinin Avstriyadakı səfiri Mordeşay çıxışlarında Azərbaycan ilə İsrail arasında əlaqələrin sürətli inkişafından, eləcə də Azərbaycanda yəhudi icmasının keçmişindən və müasir inkişafından bəhs ediblər.
Qeyd edilib ki, Azərbaycanın və Avstriyanın yəhudi icmalarının liderlərini bir araya gətirən bu dəyirmi masa mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində beynəlxalq əməkdaşlığın artırılması yolu ilə mədəniyyətlərin və ölkələrin yaxınlaşmasına yönəlmiş səyləri qiymətləndirmək üçün yaxşı fürsətdir. Mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən Azərbaycan coğrafi mövqeyi, tarixi və tolerantlıq ənənələri ilə sivilizasiyalar arasında körpü və mədəniyyətlərarası dialoq üçün unikal məkan kimi nüfuz qazanıb. Üç yəhudi icması - dağ yəhudiləri, aşkenaz yəhudiləri və gürcü yəhudiləri Azərbaycanda əsrlər boyu müsəlmanlar və xristianlar ilə sülh və harmoniyada yaşayıblar.
Digər çıxış edənlər - Avstriya Xarici İşlər Nazirliyində Elmi Əməkdaşlıq İdarəsinin direktoru səfir Fransiska Honzovits-Frissniqq, İsrail Dövlətinin Xarici İşlər Nazirliyi Dünya Dinləri İdarəsinin direktoru Tanya Berq-Rafaeli, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, Bakı Yəhudi Məktəbinin direktoru, Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayev, Vyana Yəhudi İcmasının baş ravvini Yaron Enqelmayer və ravvin Şlomo Hofmayster cəmiyyətdə harmoniyanın əsas amili kimi multikulturalizmin müxtəlif ölçüləri, müxtəlifliyin təşviqində milli və beynəlxalq səviyyədə görülən işlər, cəmiyyətlərdə həmrəylik və dialoqun gücləndirilməsində dinlərarası dialoqun əhəmiyyətindən danışıblar. Mədəniyyətlərarası və dinlərarası dialoqun dəyəri, sülh, tolerantlıq və dialoq mədəniyyətini daha da inkişaf etdirməyin mümkün yollarından bəhs ediblər. Azərbaycanda multikulturalizm və müxtəliflik ənənələrinin formalaşmasında Azərbaycanın yəhudi icmalarının iştirakı diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanda yəhudi icmasının inkişafı üçün bütün şərait yaradılıb, dövlət dəstəyi ilə sinaqoqların tikintisi həyata keçirilir, eyni zamanda, bütün Qafqaz regionunda ilk və yeganə Yəhudi Mədəniyyət Mərkəzinin də məhz Azərbaycanda yaradılması nəzərdə tutulur.
Dəyirmi masa iştirakçıları belə tədbirlərin əhəmiyyətini nəzərə alaraq, əhalisinin əksəriyyəti üç fərqli dini təmsil edən Avstriya (xristian), Azərbaycan (müsəlman) və İsrail (yəhudi) arasında mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində səylərin gücləndirilməli olduğu, xüsusilə gənclərin bir araya gəlməsinə xidmət edən platformaların yaradılmasını, Azərbaycanın və Avstriyanın yəhudi icmalarının timsalında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində Azərbaycandakı yəhudi icmasının həyatını əks etdirən fotosərgi nümayiş olunub.