Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb

Aprelin 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq konfrans başa çatıb.

Konfransın keçirilməsində məqsəd dünya albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr aparmaq olub.

Konfransın açılış mərasimində çıxış edən AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib ki, Qafqaz Albaniyası min ilə yaxın müddətdə mövcud olmuşdur. Bu dövlət dünya tarixinə verdiyi töhfəsinə görə yeni tarixi model yaratmışdır. Azərbaycan dünya albanistikasının mərkəzinə çevrilmişdir. Azərbaycanda Qafqaz Albaniyasının tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, həmçinin onun müasir dövrümüzə qədər gəlib çıxan irsinin bu gün daha sistemli şəkildə araşdırılmasına ehtiyac var. Onun sözlərinə görə, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızdakı arxeoloji, etnoqrafik, memarlıq nümunələrinin ermənilər tərəfindən saxtalaşdırılmasına cəhdlər göstərilib. O bildirib ki, bu abidələrin sırasında Qafqaz Albaniyasının xristian irsi xüsusi yer tutur. Sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılması vacibdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev qeyd edib ki, Qafqaz Albaniyasının tarixi ilə bağlı əsassız iddia irəli sürənlər, yəni, qonşu Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, Azərbaycan zəngin alban etnomədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. O qeyd edib ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Vurğulayıb ki, albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, alban etnomədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.

Konfransda Türk Tarix Qurumunun rəhbəri, elmlər doktoru, professor Yüksel Özgen, Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Tarix və Etnologiya İnstitutunun baş direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Ziyabek Kabuldinov, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik Azamat Ziyo çıxış edərək Qafqaz Albaniyasının tarixinin maddi-mədəni irsinin, coğrafiyasının, etnoqrafiyasının, əhalisinin öyrənilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, konfrans bu istiqamətdə aparılan işlərə töhfə verəcək.

Konfrans “Qafqaz Albaniyasının tarixi coğrafiyası və arxeologiyası”, “Qafqaz Albaniyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət”, “Qafqaz Albaniyasında yazı, din və mədəniyyət”, “Qafqaz Albaniyasının əhalisi və varisləri” mövzusunda bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinlənilib.

Etiketlər