“Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin monitorinqi aparılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Tədris şöbəsi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində tədris edilən “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin monitorinqi aparılıb.

Monitorinqlərdə tələbələrin bilik və bacarıqlarının səviyyəsi yoxlanılıb. Onların bu fənlərin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədilə sorğu keçirilib.

Monitorinqlər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Milli Konservatoriyası və Odlar Yurdu Universitetində aparılıb. Monitorinqlərin həyata keçirilməsində BBMM-in əməkdaşları İrina Kunina, Tahirə Ələsgərova, Şəmşad Əlizadə, Elnur Qasımov, Fəxri Uğurlu və Şahnaz Abdullayeva iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın bütün ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” fənni bakalavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilib. Daha sonra isə humanitar fənlər blokunda əsas fənn kimi qalsa da, texniki fənlər blokunda seçmə fənn kimi təklif olunur. 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 26 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.

“Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edəcək şəxslərin hazırlanması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən treninq kursları təşkil edilir, treninqləri uğurla bitirən müəllimlərə sertifikatlar verilir.

Xatırladaq ki, 2015-ci ildən isə Mərkəz tərəfindən mütəmadi olaraq “Multikulturalizmə giriş” fənninin tədrisinin monitorinqləri aparılır.