Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü qeyd edib

Noyabrın 16–da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirib. Tədbirdə Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək Beynəlxalq Tolerantlıq Günü ilə bağlı məlumat verib. O, Azərbaycanda multikultural dəyərlərin və tolerantlıq ənənələrinin yaşının əsrlərlə ölçüldüyünü, ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların yüz illərlə qardaşcasına yanaşı yaşadığını vurğulayıb. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dinlərə mənsub insanlar rahat yaşayırlar. Ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələrinə eyni münasibət var. Azərbaycanda mədəni, dini müxtəlifliyin qorunmasına xüsusi önəm verilir. Bu ənənə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev bunu layiqli şəkildə davam etdirir. Ölkəmizdə multikulturalizm sahəsində mühüm tədbirlər keçirilib. Şöbə müdiri bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqludur və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Multikulturalizm Azərbaycanda həyat tərzidir və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamofobiyaya qucaq açmaq deməkdir. Azərbaycan dövləti öz vətəndaşını qorumaq, davamlı sabitliyi təmin etmək üçün multikulturalizm siyasətinə böyük önəm verir.

Daha sonra Azərbaycanda multikulturalizmin inkişafında göstərdikləri xidmətə görə bir qrup şəxsə, müxtəlif dini icmaların nümayəndələrinə mükafatlar təqdim edilib.

Tədbir Azərbaycan Dillər Universitetinin müxtəlif ölkələri təmsil edən Mədəniyyət mərkəzlərinin təşkilatçılığı ilə hazırlanan bədii proqramla yekunlaşıb.