“Azərbaycan multikulturalizmi” fənninin tədrisi İndoneziyanın Qacah Mada Universitetində

 

Professor Həbib Zərbəliyev: “Azərbaycan multikulturalizmini öyrənən indoneziyalı tələbələr ölkəmizin təbliğatçılarına çevrilirlər”

 indoneziyada tedris1

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam etdirlir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 15 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. BBMM-in mətbuat xidməti ölkədə və xaricdə “Azərbaycan multikulturalizmi” fənnini tədris edən mütəxəssislərlə silsilə müsahibələri oxuculara təqdim etməyi nəzərdə tutur. Bu istiqamətdə növbəti müsahibimiz  adıçəkilən fənni İndoneziyanın Cokyakarta şəhərindəki Qacah Mada Universitetində tədris edən professor Həbib Zərbəliyevdir.

“Çoxsaylı xalqların və müxtəlif dinə etiqad edənlərin bir arada yaşadığı İndoneziyada multikultural problemlər, müxtəlif etnoslar arasında müəyyən qarşıdurmalar var. Onlar da bunu aradan qaldırmaq üçün Azərbaycanın təcrübəsindən istifadəni mühüm və önəmli hesab edirlər, İndoneziyada multikulturalizmin tədrisinə böyük əhəmiyyət verirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qacah Mada Universiteti arasında əməkdaşlıq haqqında memorandum  imzalanıb, bu memoranduma əsasən, sözügedən universitetdə Azərbaycan multikulturalizmi fənni mütəmadi tədris olunur. Bu semestrdə “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu “Kulturologiya” fakültəsinin tələbələrinə proqram üzrə 10 mühazirə və 4 seminar məşğələsi keçirilib. Mühazirələr Power Point proqramı əsasında hazırlan­mış slaydlarla şərh edilib.  Tələbələr dərsə ciddi yanaşır, seminarlarda Azərbay­canda multikultural vəziyyətlə, multikulturalizm sahəsində aparılan işlərlə bağlı müxtəlif mənbələrdən əldə etdikləri əlavə materiallar əsasında təqdimatlarla çıxış edirdilər.

Fevralın 27-də keçirilən növbəti dərsimiz Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuşdu. Bu, əvvəlcədən fakültənin rəhbərliyi ilə razılaşdırılmışdı. Dərsdə Ermə­nistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımının səbəbləri və nəticələri haqqında ətraflı məlumat verildi, videosüjetlər nümayiş etdirildi. Mənim dəvətimlə dərsdə İn­doneziyada “Xocalıya ədalət” kampaniyasının fəal təbliğatçısı olan İmas Xoirun Nisa Fuciati Rahim də iştirak edirdi. O, tələbələrə Xocalı facəsinin dəhşətləri, “Xoca­lıya ədalət” kampaniyası çərçivəsinə son illər ərzində gördüyü işlər barədə məlumat verdi. Tələbələrun faciə ilə bağlı sualları cavablandırıldı. Sonra tələbələr çıxış edərək məsələyə münasibətlərini və Azərbaycanla həmrəylilərini bildirdilər. Dərsin sonun­da onlara Xocalı soyqırımı ilə bağlı hazırladığımız materiallar, bukletlər, Azərbay­canı simvolizə edən döş nişanları paylandı. Sonra tələbələr əllərində Azərbaycan bayrağı və şüarlarla universitetin həyətində Azərbaycana dəstək nümayişi kimi yü­rüş keçirtdilər. Azərbaycan multikulturalizmini öyrənən indoneziyalı tələbələr ölkəmizin təbliğatçılarına çevrilirlər”.

Alim bildirib ki,tədris müddətində həmçinin Çokyakarta Dövlət Universitetinin dəvətilə sözügedən universitetin magisrant və doktorantlarına mart ayı ərzində “Multikulturalizm qloballaşma dövründə: tarix və İndoneziya üçün çağırışlar”, “Azərbaycan və İndoneziyanın sosial-fəlsəfi düşüncəsində tolerantlıq və multikulturalizm” mövzusunda mühazirələr oxuyub: “Hər iki məruzəni 100 nəfərdən artıq magistrant və doktorant dinlədi. Təd­birə universitetin bir çox müəllimləri də qatılmışdı. Bütövlükdə 2 saat davam edən hər iki tədbirdə məruzələrdən sonra suallara cavab verildi, müzakirələr aparıldı.

Martın 21-də  isə “Azərbaycan multikulturalizmi” fənnini tədris etdiyim Qacah Mada Universitetinin “Kulturologiya” fakültədə bu fakültənin tələbə- müəllim kontingenti üçün “Mədəniyyətlərin dialoqu və tolerantlıq qloballaşma döv­ründə” mövzusunda təqdimat elədim. Təqdimatda faydalı müzakirələr aparıldı. Martın sonlarında  tələbələr yekun imtahanını müvəffəqiyyətlə verdilər.

 

Tədris prosesində mənə ən çox verilən daimi suallardan biri budur ki, necə olur Azərbaycanda bu qədər etnoslar yanaşı dostcasına yaşayırlar və bu etnoslar arasında münaqişələr olmur? Bu suala belə cavab verirəm ki, bu xalqlar Azərbaycanda tarixən yaşamış xalqlardır və tarixi təcrübə onların bir-birinə daim tolerant munasibət bəsləməsinə şərait yaradıb. Bu artıq həyat tərzinə çevrilib və əsrlərdir davam edir. Ən mühümü də odur ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir, ölkə rəhbərliyi bütün etnik qruplara  bərabər diqqət və qayğı göstərir. İndoneziyanın daha bir neçə universiteti Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etmək arzusundadır, bununla bağlı Mərkəzə rəsmi müraciət də ediblər, konkret layihələr var, hazırda bu istiqamətdə danışıqlar gedir”.

Запись “Azərbaycan multikulturalizmi” fənninin tədrisi İndoneziyanın Qacah Mada Universitetində впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.