Multikulturalizm portretləri: Uilyam Kimlika

Uilyam Kimlika 1962-ci ildə Kanadada dünyaya gəlib. Multikulturalizm və siyasi fəlsəfə sahəsində çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir. Kimlika 1998-ci ildən Kanadanın Kinqston şəhərindəki Quens Universitetinin fəlsəfə kafedrasının professorudur. Onun tədqiqatları multikultural cəmiyyətlər daxilində demokratiya və müxtəliflik məsələlərinə, xüsusən də vətəndaşlıq və sosial ədalət modellərinə yönəlib. Kimlika multikultural vətəndaşlığın nəzəriyyə və praktikasına xüsusi diqqət yetirməklə demokratik ölkələrdə etnik, irqi və dini müxtəliflik məsələlərinin necə həll olunduğunu araşdırır. O, Oksford Universiteti tərəfindən nəşr olunmuş altı kitabın, o cümlədən “Liberalizm, icma və mədəniyyət” (1989), “Multikultural vətəndaşlıq: azlıq hüquqlarının liberal nəzəriyyəsi” (1995), “Yolumuzu tapmaq: Kanadada etnomədəni münasibətləri yenidən düşünmək” (1998), “Milli dildə siyasət: millətçilik, multikulturalizm və vətəndaşlıq” (2001), “Müasir siyasi fəlsəfəyə giriş” (2002) və “Multikultural odisseya: yeni beynəlxalq siyasətdə müxtəlifliyin naviqasiyası” (2007) adlı kitabların müəllifidir. 

Kimlika müasir dünyada sosial və siyasi iştirakçılığın sərhədlərinin necə çəkildiyini araşdırmaq üçün aparıcı sosioloqları, siyasət və hüquq nəzəriyyəçilərini bir araya gətirən Sərhədlər, Üzvlük və Mənsubiyyət üzrə yeni CIFAR (Canadian Institute for Advanced Research / Kanada Qabaqcıl Araşdırmalar İnstitutu) proqramının Ayrin Blomraad ilə şərikli direktorudur. Bu proqram Kanadada yerləşən qlobal araşdırma təşkilatının vasitəsilə mühüm və mürəkkəb məsələləri həll etmək üçün dünyanın ən sanballı tədqiqatçılarını bir araya gətirir.

Kimlika tipli liberallar kommunitaristlər tərəfindən aşırı fərdiyyətçi və birliklərə, icmalara etinasız yanaşan cərəyanın nümayəndələri kimi qələmə verilir. O özü isə bunun əksini iddia edərək bildirir ki, əslində abstrakt fərdiyyətçilik müasir liberalizm üçün səciyyəvi deyil. Liberalların “öz” ideyasının icma praktikasında təcəssüm olunmaması səbəbindən yararsız olması barədə kommunitar iddiaları tənqid edən Kimlika yazır:

“Liberallar demirlər ki, biz layihələrimizi yalnız ona görə öz mənfəətimiz naminə seçmək azadlığına malik olmalıyıq ki, azadlıq dünyada ən dəyərli şeydir. Əksinə, bizim layihələrimiz və məqsədlərimiz bizim həyatımızda ən mühüm rol oynayır. Məhz bu qədər mühüm olduqlarına görə də əgər qərara gəlsək ki, onlar artıq dəyərli deyil, həmin layihə və məqsədləri təftiş və ya rədd etmək azadlığına malik olmalıyıq”.

Kimlika göstərir ki, liberalizmin birləşmə azadlığının əsasında iki məsələ dayanır: birincisi, özünü reallaşdıra biləcək qrupa qoşulma, ikincisi, həmin qrupdan çıxmanın və ya başqa bir qrupa keçmənin mümkünlüyü. Görünür ki, kommunitaristlər birincini dəstəkləsələr də, ikincini görməzdən gəlirlər.
“Liberalizm, icma və mədəniyyət” əsərində müəllif icmanın iki fərqli aspektinə toxunur. Siyasi icmada fərdlər vətəndaş kimi öz hüquqlarını və məsuliyyətlərini həyata keçirirlər. Mədəni icmada isə fərdlər ümumi mədəniyyəti, dili və tarixi paylaşan insanlar kimi öz məqsəd və ambisiyalarını gerçəkləşdirir, həmçinin onları təftiş edirlər.
Kimlikanın əsas qayğılarından biri azlıq qrupları ilə ədalətli rəftar üçün liberal çərçivənin təmin edilməsidir ki, o bunu iki əsas kateqoriyaya ayırır: polietnik və ya immiqrant qruplar, bir də milli azlıqlar (Kanada kvebekləri və ya Yeni Zelandiyanın maoriləri kimi). O, milli azlıqlar və ya “azlıq təşkil edən millətlər” üçün meyarları sadalayır:

ümumi mədəniyyət;
ümumi dil;
qurumlar vasitəsilə özünü idarə etmək.

Kimlika iddia edir ki, bu cür azlıq qrupları milli əhali içərisində özünəməxsus rolu və tarixi təbiətinə görə dövlət tərəfindən verilməli olan unikal hüquqlara layiqdir. 

Liberal dəyərləri müdafiə edən Kimlikanın qənaəti bundan ibarətdir ki, fərqliliklərə göz yuman ənənəvi liberalizmin bu çatışmazlığı azlıq hüquqlarının tanınması ilə aradan qaldırıla bilər. Azlıqların hüquqları dedikdə o, “ümumi vətəndaşlıq hüquqlarının üzərində dayanan və onları aşan xüsusi hüquqi və ya konstitusional tədbirləri” nəzərdə tutur.

Kimlika qeyd edir ki, fərqli mədəni icmanın üzvlərinə xüsusi hüquqlar verən hökumət onlara hələ də fərd kimi yanaşa bilər, belə hüquqların təmin edilməsi isə onlara bərabər fərdlər kimi yanaşılmasına fərqli baxışın göstəricisidir.

Kimlika  “Milli dildə siyasət” və “Müasir siyasi fəlsəfə” kitablarında etno-mədəni müxtəlifliklə bağlı debatların üç səviyyədə aparıldığını bildirir. Birinci səviyyədə, yuxarıda göstərildiyi kimi, fərdin icma qarşısında üstünlüyü və icmanın yalnız fərdin inkişafına verdiyi töhfə ilə əhəmiyyətli olması ideyasını müdafiə edən liberallarla hər bir fərdin öz kimliyini icmada reallaşdırması ideyasına tərəfdar çıxan kommunitaristlər arasında müzakirələr gedir.

İkinci səviyyədə debatlar liberal düşərgənin daxilinə keçir. Bu zaman əsas sual “icmanı liberallardan necə qorumalı” deyil. Məsələ ondadır ki, müasir liberal cəmiyyətlərdəki milli azlıqların özləri (bəziləri, məsələn, hutteritlər, amişlər, hasidi yəhudiləri istisna olunmaqla) liberal prinsipləri qəbul edirlər. 

Azlıqlara xas hüquqların liberal müdafiəsi üçün çox vacib olan fərq, Kimlikaya görə, xarici müdafiə ilə daxili məhdudiyyətlər arasındadır. O iddia edir ki, qruplar arasında xarici müdafiə bərabərliyi təşviq etmək üçün əsaslandırıla bilər (lakin onlar Cənubi Afrikadakı aparteid rejimi zamanı olduğu kimi təzyiq və ya istismara yol verməməlidirlər). Bununla belə, daxili məhdudiyyətlər müəyyən hallarda milli azlıqlara verilə bilsə də, şəxsin muxtariyyətini məhdudlaşdırdığı üçün liberal baxımdan əsaslandırıla bilməz. Kimlika liberal multikulturalizm ideyasını təşviq etməyə və multikulturalizmin ən azı siyasi səviyyədə liberal demokratik dəyərlərlə zidd olmadığını əsaslandırmağa çalışsa da, siyasi fəlsəfə müstəvisində bu debatlar hələ də davam etməkdədir.

Uilyam Kimlika 2011-ci ildə Oksford Universitetində nəşr olunmuş, Kanada Fəlsəfə Assosiasiyası tərəfindən 2013-cü ildə Bienal Kitab Mükafatına layiq görülmüş və ingilis dilindən fransız, alman, yunan, yapon, polyak, ispan, türk və Çin dillərinə çevrilmiş “Heyvan haqlarının siyasi nəzəriyyəsi” adlı kitabının həmmüəllifi olan Sue Donaldson ilə evlidir. Boş vaxtlarında Uill uzaq məsafəyə qaçışla məşğul olur, 2021-ci ildə Toronto sahil marafonunda iştirak edib.

Çiçək Aslanova, Azərbaycan Dillər Universiteti 
Tərcümə fakültəsi, 
ingilis dili IV kurs tələbəsi

Etiketlər