Almaniyada “Heydər Əliyev- gənclik – multikulturalizm” mövzusunda beynəlxalq konfrans başlayıb

 

IMG_3671

Mayın 10-da Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans öz işinə başlayıb.

Azərbaycanın Gənc Dostları Klubunun ideyası əsasında gerçəkləşən konfransa “Logen Haus” sərgi zalında “Heydər Əliyev və gənclik” foto-sərgisi ilə start verilib. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri- Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təqdimatı ilə Ulu Öndərin ömür yolunu əks etdirən xatirə fotoşəkilləri sərgilənib.

Auqsburq Universitetinin Germanistika kafedrasının müdiri professor Alfred Vildfoyer tədbiri açaraq konfransın keçirilməsinin məqsədini açıqlayıb: “Bu konfransın keçirilməsində  əsas məqsəd Azərbaycan multikulturalizminə ən yüksək siyasi qiymət verən və onu hüquqi müstəviyə qaldıran, eyni zamanda, gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etməkdir. Həmçinin Avropa, Asiya və Amerikada yaşayan Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin vasitəsilə multikulturalizmi, tolerantlıq ideyalarını daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün bərqərar olmasına töhfə verməkdir”.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev  konfrans iştirakçılarını salamlayaraq Azərbaycanın Gənc Dostları Klubuna və Auqburq Universitetinə bu beynəlxalq konfransın təşkilində göstərdikləri səylərə görə minnətdarlığını bildirib və ölkəmizi sevən gəncləri yenidən bir arada görməyindən məmnunluğunu ifadə edib: “Biz sizin bəzilərinizlə Azərbaycanda bir neçə dəfə görüşmüşük. Sizin Azərbaycandaki dövlət siyasəti, multikultural ənənələr  və tolerantlıq mühiti haqqında əyani təsəvvürləriniz var. Bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın 20-yə yaxın universitetində tədris edilir ki, onlardan biri də Auqsburq universitetidir. Dünyanın multikultural mərkəzlərindən sayılan, konfessiyalar arasında sülh, harmoniya axtaran qədim bir şəhərdə bir araya gəlmənizin Azərbaycan üçün böyük önəmi vardır. Çünki Azərbaycan multikulturalizmi sadəcə özü -özünü təbliğ etməklə kifayətlənə bilməz. Biz sizinlə birlikdə dünyanın multikulturalizm mərkəzlərini öyrənməli, insanların multikultural əhvala verdikləri qiyməti və bu yolda cəkdikləri zəhməti bilməliyik. Əgər bu gün Azərbaycan dünyada multikultural  mərkəzlərindən biri kimi tanınırsa, bu həm də bizim Auqsburqu yaxşı tanıdığımızdan irəli gəlir. Azərbaycan Prezidenti 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etmişdi və bu gün də bu xətt dövlət siyasəti olaraq həyata keçirilir.  Prezidentin növbəti sərəncamı ilə 2017-cil ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi Azərbaycan multikulturalizminin məntiqi davamıdır. İslam həmrəyliyi anlayışı özündə  həm islamdaxili həmrəyliyi, həm də islamla digər konfessiyalar arasında olan harmoniyanı ehtiva edir. Bu harmoniyanı məhz gənclər axtarıb tapmalı və həyata keçirməlidir. Bu mənada dünyanın dörd bir tərəfindən gələn və ölkəmizdən də onlara qatılan bu gənclər Azərbaycan multikulturalizminin varisləridir. Biz dünyamıza yeni nəfəs gətirməliyik. Bu- mərhəmətdir, şəfqətdir, sevgidir, başqasına hörmətdir.

Azərbaycanda multikultural  harmoniyanın əsasını Ulu öndər Heydər Əliyev qoyub. Onun gəncliklə və multikulturalizmlə baglı ideyaları bu gün inkişaf edir və gələcəyi olan ideyalardan sayılır. Bizim 10 may tarixində buraya yığışmağımızın simvolik mənası həm də ondan ibarətdir ki, bu gün Ulu öndərin dogum günüdür. Onun xatirəsini belə gözəl bir təşəbbüslə, dərin ehtiramla yad etdiyiniz üçün konfransın təşkilində əməyi olan bütün dostlarımıza təşəkkür edirik. Əgər Azərbaycanı bütövlükdə öyrənmək istəyirsinizsə, bu böyük şəxsiyyətə, onun şərəfli və zəngin ömür yoluna müraciət etmədən bu mümkün deyil və düşünürəm ki, bu konfrasın təşkili ilə biz Azərbaycanı anlamaqda doğru bir yoldayıq. Biz Auqsburqda Azərbaycan multikulturalizmini təbliğ etməklə həm də Azərbaycanda Auqsburqu  təbliğ edirik. Bu işdə hamınıza uğurlar arzulayıram. Bu konfrans boyu sizi maraqlı görüşlər, təqdimatlar, tarixi, ədəbi və elmi mövzularda məruzələr gözləyir. İnanıram ki, bu konfransdan, Auqsburqdan unudulmaz təəssüratlarla ayrılacaqsınız”.

Auqsburq Universitetinin professoru Klaus Volf  konfransın Bavariya kimi müxtəlif mədəniyyətlərin, dinlərin və etnosların birgə dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malik federal əyalətdə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Salomeya Lukayte bildirib ki, layihəyə Azərbaycanın ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı İslam Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən 6 tələbə, 17 xarici ölkə universitetindən Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, ABŞ, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya və Efiopiyanı təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan 25 tələbə bu tədbirə qatılaraq Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bölüşmək üçün bir araya toplanıb. Bu konfransın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın Gənc Dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümüdür”.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasının qoyulmasının məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ramin Həsənov əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasətinin Azərbaycanı dünyada multikultural mərkəzlərdən biri kimi tanıtdığını diqqətə çatdırıb.

Açılış nitqlərindən sonra “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda panel iclası başlayıb. Ural Federal Universitetinin beynəlxalq regionşünaslıq kafedrasının müdiri, BBMM-in Yekaterinburq filialının direktoru, professor Aleksandr Nesterov və Dimitrios Asproulisin moderatorluğu ilə keçirilən iclasda Dövlət İqtisad Universitetinin dosenti, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə vurğulanıb ki,  Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri olan gənc nəclə diqqət və qayğı hazırda da  yüksək səviyyədədir, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakı təmin olunur, dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verilir, gənc nəslin əsl vətəndaş kimi formalaşması istiqamətində münbit şərait yaradılır.

BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerber rəhbərlik etdiyi filialın fəaliyyəti ilə bağlı məlumat verib. Xanım Birgit Vaysgerber bildirib ki, BBMM-in ilk rəsmi filialı Almaniyanın Drezden şəhərində fəaliyyətə başlayıb: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının fəaliyyəti multikulturalizm xətti ilə Azərbaycan həqiqətlərinin Avropaya - indiki halda Almaniya ictimaiyyətinə inteqrasiyası  baxımından çox əhəmiyyətli hadisədir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Heydər Əliyev və tolerantlıq” mövzulu məruzəsində vurğulayıb ki, Ulu Öndər multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edərək Azərbaycan ərazisində yaşayan etnik azlıqların mədəni və dini dəyərlərinin qorunmasını da demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində nəzərdən keçirirdi: “Tarixən Azərbaycanda İslam dini ilə yanaşı xristianlıq, yəhudilik dinlərinə etiqad edən  insanlar həmişə əmin-amanlıq şəraitində yaşayaraq bir-birinin dini əqidəsinə sayğıyla yanaşıblar. Heydər Əliyev Azərbaycanda yaşayan qeyri-İslam dini icmalarına qarşı həmişə ehtiram göstərib, onların dini bayramlarını təbrik edib, adət-ənənələrinə qayğı ilə yanaşıb”.

Auqsburq Universitetinin tələbəsi Silke Höqqün “Azərbaycan multikulturalizmi Auqsburqda” mövzusunda məruzəsi maraqla qarşılanıb. Almaniyalı tələbə qeyd edib ki, Azərbaycan kimi polietnik mühitdə cərəyan edən daxili ideoloji prosesləri daha dərindən anlamaqda Azərbaycanın təcrübəsi onlara kömək edir.

İclasda professor Aleksandr Nesterovun Azərbaycan multikulturalizminin XVIII əsrdə siyasi qaynaqları ilə bağlı, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov  “Heydər Əliyev və multikultural dəyərlər”, Estoniyanın Tallin Linnamae Russian Liseyinin tələbəsi İrina Kovzanoviç “Prezident İlham Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda mühazirələri dinlənilib.

Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova “Dinlərarası harmoniya: lüteranlıq Azərbaycanda” mövzusunda məruzə ilə çıxış edib. İcma rəhbəri Azərbaycanda butun dinlərə eyni ehtiramın göstərildiyini, bütün konfessiyaların nümayəndələrinin ölkə Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

BBMM-in İsrail filialının rəhbəri, tanınmış politoloq Arye Qut “Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi kimi” mövzusunda çıxışı beynəlxalq konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Çıxşlardan sonra panel müzakirələrlə işini davam etdirib.

Günün ikinci yarısında konfrans “Azərbaycanın Gənc Dostları Klubunun təqdimatı” adlı II paneldə  öz işini davam etdirib.

ABŞ-dan konfransa qatılan, Azərbaycanın Gənc Dostları Klubunun İdarə Heyətinin üzvü, siyasi analitik,Peter Teys və Portuqaliyanın Lusofona Universitetinin tələbəsi Joao Mestrenin moderatorluğu ilə keçirilən təqdimatda birliyin həmsədrləri Salomeya Lukayte və Dimitrios Asproulis “Azərbaycanın Gənc Dostları Klubunun yaranmasından, il ərzində gördüyü işlərdən və qarşıda duran perspektivlərdən  söz açıb: “"Azərbaycanın Gənc Dostları Klubu" İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar  təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini  günü-gündən genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin  beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni  töhfələr verir, müxtəlif tədbirlər keçirir. Azərbaycan xalqı və dövləti ölkə ərazisində əsrlərdir mövcudluğunu sürdürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətl, misilsiz multikultural dəyərləri, unikal multikulturalizm modeli ilə ehtirama layiqdir.  Bu konfransı gerçəkləşdirməklə Azərbaycanın Gənc Dostları olaraq bir daha dost Azərbaycan xalqına və dövlətinə öz sayğımızı ifadə etmiş olduq”.

Rusiyanın Ural Federal Universitetinin tələbəsi Maria Dzhaiani “Azərbaycanın Gənc Dostları  Klubu dünya gəncləri ilə ünsiyyətin yeni mərhələsi”, Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Tokay Əhmədov “İslam Oyunları Azərbaycana nə verir”, İsrailin Ariel Universitetinin tələbəsi Maayan Eliovson “Mən  Azərbaycanın Gənc Dostları Klubuna niyə üzv oldum”, Bakı İslam Universitetinin tələbəsi Ramil İbrahimov “İslam həmrəyliyi ili” “Multikulturalizm İli”nin məntiqi davamı kimi”, İtaliyadan olan müstəqil tədqiqatçı Klaudia Pasquali “Youngfriends.az saytı-ünsiyyətin yeni platforması kimi”, Polşanın Vrotslav Universiytetinin tələbəsi Agata Taraşeviçin “Azərbaycanın Gənc Dostları” Klubunun Polşada fəaliyyəti və perspektivləri” mövzusunda mühazirələri dinlənilib.

Müzakirələrdən sonra Auqsburq şəhərindəki sinaqoq, müqəddəs Anna kilsəsi və Bobinqen müsəlman məscidinin dini icmalarının nümayəndələri ilə görüş keçirilib.

 

[embed]https://www.youtube.com/watch?v=l1CoslKi7Z0&feature=youtu.be[/embed]

Запись Almaniyada “Heydər Əliyev- gənclik – multikulturalizm” mövzusunda beynəlxalq konfrans başlayıb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.