Multikulturalizm Mərkəzi qış məktəbi keçirəcək

Fevralın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinə start verəcək. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində təşkil edilən və “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 19-dan 26-dək davam edəcək. Qış məktəbi Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında da fəaliyyət göstərəcək.

XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbənin iştirak edəcəyi gözlənilir.

Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək. İştirakçılar “Heydər Əliyev və Multikulturalizm”, “Müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması”, “Azərbaycanın dil siyasətində multikulturalizm”, “Azərbaycanın multikulturalizm modeli: Mədəni müxtəliflikdə birlik”, “Mədəniyyətlər sərhədində ünsiyyət aktı kimi Azərbaycan ədəbiyyatının tərcümələri: Qurban Səidin “Əli və Nino” əsəri” mövzularında mühazirələr dinləyəcəklər.

Qış məktəbi müddətində iştirakçıların BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ilə görüşü planlaşdırılır. Tələbələr Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edəcək, “Şahdağ” Qış-Yay Turizm Kompleksində, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində, Quba Soyqırımı Memorial Kompleksində olacaq, Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yerli əhali ilə görüşlər keçirəcək, məscid, kilsə və sinaqoqları ziyarət edəcəklər.

Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəblərinin təşkil olunmasıdır. Yay və qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 24, Azərbaycanın isə bütün ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Etiketlər