XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları xalqımızın tolerantlıq ənənələri barədə məlumatlandırılıb

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

Görüşdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov xalqımızın tolerantlıq ənənələrindən, bu sahədə dövlət siyasətindən, eləcə də Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən söz açıb. Bildirilib ki, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri – müsəlmanlar, xristianlar, yəhudilər və digərləri əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayırlar. Azərbaycanda yüzlərlə müsəlman və onlarla qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını qeyd edən G.İsmayılov bütün dinlərin və dini qurumların qanun qarşısında bərabər olduğunu deyib. Vurğulayıb ki, heç bir din, eləcə də dini qurum barəsində digərlərinə nisbətdə hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Gündüz İsmayılov bu baxımdan ölkəmizdəki dinlərarası harmoniyanın dünyada az rast gəlinən tolerantlıq nümunəsi olduğunu vurğulayıb.

Dini dözümlülüyün başqaları üçün hüquqi norma, bizim üçün isə həyat tərzi olduğunu deyən sədr müavini bildirib ki, tolerantlıq xalqımıza görə mədəniyyət və mənəviyyat məsələsidir. O, ölkəmizdə tarixən mövcud olan bu cür yüksək mənəvi mühitin qorunub saxlanılmasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən nümunəvi dövlət-din münasibətlərinin mühüm rolu olduğunu diqqətə çatdırıb.

Təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışan sədr müavini DQİDK-nın hökumətin din siyasətini həyata keçirdiyini, dini qurumların dövlət qeydiyyatına alınması, onlara lazımi köməyin göstərilməsi, müvafiq icra hakimiyyəti orqanları ilə dini qurumlar arasında vasitəçilik kimi işləri həyata keçirdiyini qeyd edib.

“Ölkəmizdə bu günədək onlarla məscid, kilsə, sinaqoq dövlət tərəfindən təmir edilib, yenidən qurulub. Hazırda dövlətin bu sahədə qarşısında duran əsas məsələ işğaldan azad olunmuş ərazilərimizdəki tarixi-dini abidələrin bərpasıdır. Hazırda Ağdam Cümə, Qiyaslı kənd, Şuşadakı Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində əsaslı bərpa-yenidənqurma işlərinə başlanılıb. Eyni zamanda, Zəngilanda yer üzərindən silinmiş tarixi məscidin yenidən əsası qoyulub. İşğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələrin bərpası və yenidən qurulması dedikdə biz təkcə məscidləri nəzərdə tutmuruq, buraya kilsələr də daxildir”, - deyə Gündüz İsmayılov qeyd edib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Etiketlər