Ermənistanın ərazi iddiaları işğalçılıq siyasətidir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Ermənistanın sentyabrın 27-də növbəti təxribatı nəticəsində yaranan müharibənin son günlər ermənilərin əsassız olaraq iddia etdikləri dini və etnik müstəviyə keçirmək istəkləri barədə münasibət bildirib.

     R. Həsənov qeyd edib ki, son zamanlar xüsusi ilə bir sıra beynəlxalq media orqanlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yanaşmada iki meyl müşahidə olunmaqdadır. Opponentlər bu münaqişəni ya dini müstəviyə keçirməyə çalışır, ya da onun «etnik zəmində» baş verdiyini iddia edirlər. Məqsəd münaqişəyə daha çox tərəf çəlb etmək və ictimai şüurun manipulyasiyası yolu ilə konfessional fərqləri qabartmaqla beynəlxalq ictimaiyyəti, xüsusi ilə Qərb dünyasını guya «xristian ermənilərin müsəlmanlar tərəfindən yenidən soyqırıma məruz qalması» mifini  təlqin etməkdir.

      Məhz bu səbəbdəndir ki, 2020-ci ilin sentyabr ayının 27-dən - Ermənistanın Azərbaycan mülki əhalisini artileriya atəşinə tutmağa başladığı vaxtdan etibarən, Qərb  mediasına nüfuz etdirilən daha iki iddia özünü qabarıq göstərməkdədir:  «Türkiyə hərbi qulluqçuları Azərbaycan tərəfindən hərbi əməliyyatlarda iştirak edirlər» və «Azərbaycan döyüşlərdə radikal islamçı və terrorçu qruplaşmalardan  istifadə edir». Əslində bu iddiaları sübut edə biləcək hər hansı bir sübut, faktoloji material mövcud deyildir. Əksinə, son zamanlar Rusiya mediyası terrorçu kürd PKK qruplaşmasının Ermənistan tərəfindən vuruşmasını «milli ruhun dirçəlişi kimi» qiymətləndirir. Bu qruplaşmanın beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi qəbul edilməsinə baxmayaraq,  bu fakta göz yumulur. Sonuncu aktiv döyüşlərin Qərb və Rusiya mediasında şərhinin təhlili zamanı beynəlxalq hüququn Azərbaycana verdiyi hüquq və səlahiyyətlər çərçivəsində öz ərazisini terrorçu qruplaşmalardan təmizləməsi ilə bağlı faktlar bilərəkdən gizlədilir, eyni zamanda münaqişənin tarixi və səbəbləri qəsdən saxtalaşdırılır.

    Bu fikirləri bildirməkdə məqsəd heç də təəccüb hissi deyildir.  Bu böhtan kampaniyası onsuz da prqnozlaşdırılırdı. Eləcə də, münaqişənin guya dini zəmində baş verməsi haqqında  iddialar da xəstə təxəyyülün nəticələridir. Çünki Azərbaycanda din və təriqətlər, onların nümayəndələri arasında heç bir narahatlığa səbəb yoxdur və bundan sonra da olmayacaqdır. Fərqli dinlərə tapınanlar hər hansı bir maneə olmadan, sərbəst şəkildə ibadətlə məşğul olur, dini ayinlərini icra edirlər.  Dini ibadət yerlərinin hər biri dövlətin bilavasitə dəstəyi ilə qorunub, təmir olunur və ya yeniləri inşa edilir.

       Digər sərsəm təbliğatçılar qrupunun iddialarına əsasən,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi etnik xarakterlidir. Təxribat məqsədi daşıyan bu iddianı «gücləndirmək» məqsədilə Ermənistan rəsmiləri Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinə çağırışlar etməyə çalışmış, lakin əks-reaksiya ilə üzləşmişlər. Etnik və dini kimliyindən asılı olmayaraq, bu gün bütün AZƏRBAYCANLILAR çiyin-çiyinə azğın düşmənə qarşı mübarizə aparırlar.  

     Qarabağda yaşayan etnik ermənilərə gəldikdə isə, bildiririk ki, Ermənistan sizi «dönmə» (şurtvats) kimi tanıyır və münaqişədə qurbanlıq kimi istifadə edir. Bir dəfə yaşayacağınız həyatda siyasi iddiaların, maraqların qurbanlarına çevrilməyin! Bu gün Ermənistandan fərqli olaraq Azərbaycan monoetnik dövlət deyildir və davamlı olaraq multikulturalizm siyasətini yürüdür.  Azərbaycanın haqlı mübarizəsi nə dini, nə də etnik zəmindədir. Bunu sadəcə  olaraq, Azərbaycanın tarixinə və dövlətimizin dini və etnik rəngarəngliyinə baxmaqla sübut etmək mümkündür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbi Ermənistanın ərazi iddiaları və işğalçılıq siyasətidir.  Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini işğal etməsi və bir milyondan çox vətəndaşımızın oradan qovulması  beynəlxalq cinayətdir. Bunu sübut edəcək yüzlərlə sənəd və faktlar mövcuddur. Ancaq görünən odur ki, otuz ilə yaxın müddət ərzində məsələ heç də ədalətli həllini tapa bilməmişdir.  

Sonda R. Həsənov deyib ki, bundan  sonra Azərbaycan diplomatiyası ölkəmizə qarşı olan bu yanaşmanı nəzərə almalı və fəaliyyətini qurmalıdır. Mən əminəm ki, bu hibrit və çox vektorlu savaşda qələbə bizim olacaqdır. Hər bir azərbaycanlı bunu özünə şərəf mübarizəsi kimi görməlidir. Qarabağ Azərbaycandır!

Etiketlər