Azərbaycan multikulturalizmi Braziliyada tədris olunacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda bu layihə çərçivəsində dünyanın 20 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. Bununla yanaşı, Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə “Azərbaycan multikulturalizmi” fənni əsas fənn kimi tədris olunacaqdır. Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra, sözügedən layihəyə start verilib. Artıq fənnin tədrisində xeyli müsbət təcrübə əldə olunub. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunan “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradıb.

Xatırladaq ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirilir. Dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr həm də Azərbaycanda BBMM tərəfindən təşkil edilən Beynəlxalq Qış və Yay Multikulturalizm məktəblərində iştirak etmək üçün şans qazanırlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir. Göründüyü kimi, prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir daisrəsi və gücünü də artırmaqdadır.

2019-2020-ci dərs ilindən etibarən “Azərbaycan multikulturalizmi”nin tədris olunduğu xarici universitetlər sırasına Braziliya Federal Universitetinin də  (Universidade de Brasilia) adı əlavə olunacaq. Beləliklə də, Multikulturalizm Mərkəzi 21-ci xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirəcək. Artıq universitet rəhbərliyinin təklifi müsbət dəyərləndirilib və BBMM ilə Braziliya Federal Universiteti arasında qarşılıqlı anlaşma memorandumu bağlanıb. “Azərbaycan multikulturalizmi” fənnini Braziliya Federal Universitetinin professoru Leila Bijos tədris edəcək. Onu da əlavə edək ki,  Leila Bijos 2018-ci ilin yayında BBMM-də Azərbaycan multikulturalizmi ilə bağlı araşdırmalar aparıb. 3 ay müddətində aparılan tədqiqatlar Braziliyada “Azərbaycan multikulturalizmi” adlı kitab şəklinə nəşr olunub. Portuqal dilində işıq üzü görən kitabda tədqiqatçı Azərbaycan multikulturalizmi modelinin  uğurundan, eləcə  ölkəmizdəki multikultural və tolerant mühitdən ətraflı şəkildə bəhs edib.

Xatırladaq ki, BBMM bu günədək dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirsə də, Braziliya Federal Universiteti ilə Latın Amerikası ölkələrində bu sahədə ilk addımı atmış olacaq. Yeni dərs ilində Azərbaycanın Braziliyadakı səfirliyinin nümayəndələri, eləcə həmin ölkənin nüfuzlu elm xadimləri  “Azərbaycan multikulturalizmi” fənninin ilk tədris günündə iştirak edəcəklər. BBMM-in hər il təşkil etdiyi Beynəlxalq Qış və Yay Multikulturalizm məktəblərinə Cənubi Amerika ölkələrindən qatılan gənclərin sayının artması, eləcə də Mərkəzlə Braziliya universitetləri arasındakı qarşılıqlı münasibətlərin uğurlu inkişafı nəticəsində “Azərbaycan multikulturalizmi” fənninin nüfuzlu Rio-de-Janeyro Federal Universitetində də həyata keçirilməsi planlaşdırılır. Artıq həmin universitetin professoru Aleksandr Jerbit Azərbaycan multikulturalizmi sahəsində araşdırma aparmaq üçün  BBMM-ə müraciət edib.

Bütün bunlar göstərir ki, Azərbaycan multikulturalizmi modelinə xarici ölkələrdə maraq günü-gündən artmaqdadır.  Bu modelin elmi müstəvidə öyrənilməsi və araşdırılması BBMM tərəfindən uğurla davam etdirləcək. Yaxın gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə unversitetlərinin qoşulması mümkün olacaq.