Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakı, 5 mart

Martın 5-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə dövlət, hökumət və ictimaiyyət nümayəndələri, ölkəmizdəki dini icma rəhbərləri və xarici qonaqlar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışıb. Prezident İlham Əliyevin Azərbaycanda 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etdiyini bildirən komitə sədri Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müxtəlif yerli və beynəlxalq tədbirlər təşkil olunduğunu qeyd edib. Bildirib ki, bu kimi tədbirlər bundan sonra davamlı olaraq keçiriləcək.

Konfransda çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı prosesi”nin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib”,- deyə QMİ sədri vurğulayıb.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer bildirib ki, Azərbaycan dinlərarası və məzhəblərarası münasibətlərə görə bütün dövlətlərə nümunə ola bilər. Burada multikulturalizmin ən gözəl forması mövcuddur. Azərbaycanda yüz illər ərzində tolerantlıq, dini dözümlülük formalaşıb. Azərbaycan Prezidenti bu münasibətlərin qorunub saxlanılması üçün bütün səyləri göstərir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ölkəmizin dövlət-din münasibətləri sahəsində qazandığı uğurlardan danışıb. Bildirib ki, bu, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığı tanınır və qorunur. Hər kəs qanun qarşısında bərabərdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb.

E.Nəcəfov qeyd edib ki, ölkəmizdə dini icmalara maliyyə yardımı göstərilir, məscidlər, kilsələr, sinaqoqlar təmir edilir.

Multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün Azərbaycan dünyada dialoq mərkəzinə çevrilib, sülh çağırışları edən ölkə imici qazanıb. “Ölkəmiz dayanıqlı inkişaf məqsədlərinə yüksək səviyyədə əməl edir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində böyük uğurlara nail olub. Azərbaycan BMT qarşısında götürdüyü bütün öhdəliklərə ciddi şəkildə əməl edir. Ölkəmizdə etiqad azadlığı əsaslı şəkildə təmin edilib”,- deyə Bahar Muradova vurğulayıb.

Konfrans işini davam etdirir.