İslamofobiyaya həsr olunan beynəlxalq konfrans bölmə iclasları ilə davam edir

“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti” plenar iclasda ekspertlər İslamofobiyanın kritik problemini və onunla mübarizədə kəsişən yanaşmanın vacibliyini müzakirə ediblər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən iclasda İslam dininə qarşı ayrı-seçkiliklə mübarizəyə yeni perspektivlər təqdim olunub. İslamofobiyanın insan hüquqlarına, cəmiyyətə və qlobal icmalara təsiri vurğulanıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı vurğulayıb ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımı islamofobiya və türkofobiyanın bariz təzahürüdür. O bildirib ki, Ermənistan işğalı zamanı Azərbaycanın tarixi və ata-baba torpaqlarında olan bütün mülki obyektlər, mədəniyyət və dini memarlıq abidələri - məscidlər, dini ibadət yerləri, qəbiristanlıqlar amansızcasına dağıdılıb, təhqir və talan edilib. “Bir çox beynəlxalq təşkilatların nümayəndələri Ermənistanın törətdiyi bu vandalizm aktlarını birbaşa müşahidə edərək öz hesabatlarında qeyd ediblər. Lakin dünyada qanunu pozan, cinayət törədənlərin cəzasız qalması, ikili standartların olması belə faciəvi hadisələrin təkrarlanmasına zəmin yaradır”, - deyə A.Səfixanlı qeyd edib. 
İclasda Salman Seyid, Sultan Əhməd Sahibzadə, Məhəmməd əl-Şahhat əl-Cindi, Ferid Muhic və Səid Əhməd Xanın məruzələri dinlənilib. Mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, martin 15 və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.

Etiketlər