Nepallı tələbə: Azərbaycandakı multikultural dəyərləri qorumaq və dünyada təbliğ etmək vacibdir

Xaçmaz, 19 fevral

VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçısı olduğuma görə şadam. Bundan əvvəl Azərbaycanda olmamışam. Layihə çərçivəsində ölkənizin multikulturalizm modelini öyrənirəm. Maraqlıdır ki, biz tolerantlıq barədə mühazirələri dinləyirik və sonradan eşitdiklərimizin əyani şahidi oluruq. Qubadakı Qırmızı qəsəbəyə getdiyimiz zaman mühazirələrdə dinlədiklərimizin həqiqəti əks etdirdiyini gördük. Həqiqətən də ölkəniz multikulturalizm sahəsində dünyaya nümunə ölkədir. Azərbaycandakı multikultural dəyərləri qorumaq və dünyada təbliğ etmək vacibdir.

Bu sözləri  “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Nepaldan olan iştirakçısı Durgesh Pradhan Kasaju söyləyib.

Nepallı tələbə bildirib ki, Azərbaycanda dövlətin azsaylı xalqlara və etnoslara, müxtəlif konfessiyaların nümayəndələrinə münasibəti sülhün, əmin-amanlığın təminatıdır.

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə belə bir layihəni reallaşdırdığı üçün təşəkkür edirəm. Biz Azərbaycanın tolerantlıq modelini öyrənməklə yanaşı, həm də dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində təhsil alan tələbələrlə tanışlıq imkanı əldə etmişik”, - deyə Nepallı tələbə vurğulayıb.