İtaliyanın “Radio Atene” kanalında Azərbaycandakı multikulturalizm ənənələrindən danışılıb

İtaliyanın “Radio Atene” kanalının beynəlxalq siyasət və iqtisadi forum rubrikasında bu ölkənin Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) rəhbəri Domeniko Letizia canlı yayımda “Azərbaycanda multikulturalizmin kəşfi” mövzusunda danışıb.

Ölkəmizdəki dinlərarası dialoq və multikulturalizm ənənələrindən söhbət açan D.Letizia Azərbaycanın bu gün belə mövzuları müzakirə etmək üçün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq formatlar vasitəsilə təqdim etdiyi dünyəvilik və dini dözümlülük modelinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb. “Azərbaycan əhalisinin mütləq əksəriyyətinin müsəlman olması ilə yanaşı, bütün etnik və dini azlıqların hüquqları dövlət tərəfindən bərabər qaydada müdafiə olunur və ölkədə sülh şəraitində birgəyaşayış mühiti mövcuddur. Bu hüquqi model digər ölkələrə və problemli bölgələrə tətbiq olunması üçün xüsusi araşdırma mövzusu olmalıdır” – deyə italyan ekspert bildirib.

Tədqiqatçı, həmçinin ölkəmizdə çoxsaylı sinaqoqların və yəhudi məktəblərinin mövcud olduğunu qeyd edib, bu xüsusda Quba rayonundakı dağ yəhudilərinin həyatı, eləcə də Azərbaycanla İsrail arasında mövcud əməkdaşlıq haqqında məlumat verib.

Azərbaycanın Ermənistan istisna olmaqla qonşuları ilə yaxın əlaqələrə malik olduğunu bildirən D.Letizia Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon daxil olmaqla ölkənin beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu münaqişənin heç bir dini əsası yoxdur və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn bir münaqişədir. Bu xüsusda, nümunə kimi D.Letizia paytaxt Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən yenidənqurma işləri aparılmış və 5 minə yaxın erməni kitabının saxlanıldığı erməni kilsəsindən söz açıb. O, Azərbaycanın xristian dünyası ilə də münasibətlərindən, 2016-cı ildə Roma Papası Fransiskin ölkəmizə səfərinin əhəmiyyətindən danışıb.

Radioverilişlə bu linkdən tanış olmaq mümkündür: https://www.youtube.com/watch?