Rəvan Həsənov: Prezidentin müsahibəsini dövlətimizin başçısının fəaliyyəti haqqında xalqa hesabatı kimi qiymətləndirmək olar

Prezident İlham Əliyevin yanvarın 10-da Azərbaycan televiziya kanallarına verdiyi müsahibə, əslində, dövlət başçısının ölkə daxilində fəaliyyət göstərən media qurumlarına verdiyi dəyərin göstəricisidir. Bu, eyni zamanda, Prezidentin həyata keçirdiyi həm daxili, həm də xarici siyasətdə şəffaflıq və açıqlığın bariz bir nümunəsidir.

Bu sözləri açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov söyləyib.

O, bildirib ki, İkinci Qarabağ müharibəsi dövründə yerli media qurumları və xarici mediaya Prezident İlham Əliyevin həyata keçirilən tədbirlərlə bağlı verdiyi müsahibələr Azərbaycan dövlətinin şəffaf və aşkar siyasət yeritdiyini bir daha ortaya qoydu. Suverenliyin tam bərpasından sonra yaranan yeni vəziyyətlə bağlı yanvarın 10-da verilən müsahibəni müharibə günlərindən bugünkü günə qədər sanki dövlətimizin başçısının fəaliyyətinin xalqa hesabatı kimi qiymətləndirmək olar. Xüsusilə də müsahibədə olan bəzi məqamları geniş vurğulamaq lazımdır. Birinci məqam, Prezidentin Azərbaycan tarixində yeni bir səhifənin başladığını vurğulaması çox vacib olan faktorlardan biridir. Burada söhbət bütün istiqamətlərdə yeni başlanğıcdan, yeni səhifədən gedir. Xüsusilə də ideoloji işin, ideoloji fəaliyyətin qurulmasını, yeni hədəflərin müəyyən edilməsini, yeni təhdidlərin müəyyən olunmasını və onlara qarşı preventiv addımların vaxtında atılmasını vurğulamaq lazımdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru qeyd edib ki, dövlətimizin başçısının müsahibəsi müəyyən məqamlara aydınlıq gətirir. Aydın olur ki, Azərbaycana qarşı əsassız və hibrid müharibə aparılır. Ölkəmizə qarşı informasiya müharibəsi aparanlar Azərbaycanı əsassız, saxta feyk xəbərlərlə ittiham etməyə çalışırlar və bunu erməni lobbisi, onun arxasında dayanan qüvvələr müəyyən maraqlar naminə həyata keçirir. Bu, bəzi Qərb ölkələridir, Fransanı burada xüsusi vurğulamaq yerinə düşər. Çünki Fransanın bu gün atdığı addımlar, onun əslində öz tarixində olan utancverici səhifələrə baxmadan bu cür bəyanat verməsi çox gülüncdür. Fransa, bəllidir ki, həmişə kolonial siyasət həyata keçirib. Afrikada törətdiyi, xüsusilə Əlcəzairdə həyata keçirdiyi soyqırımları unudaraq bu gün Azərbaycana qarşı informasiya müharibəsi və ən əsası saxta informasiya müharibəsi aparmağa cəhd edir. Ona görə də biz çoxmədəniyyətli və çoxkonfessiyalı bir ölkə olaraq, Fransanın həyata keçirdiyi neokolonializm siyasətinə qarşı öz dəstəyimizi göstərəcəyik. Beynəlxalq miqyasda bunun vurğulanması çox vacib idi.

İşğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış, məhv edilmiş tarixi və mədəni irsimiz, Ermənistan ərazisində qalan tarixi torpaqlarımız, oradakı mədəni irsimiz, verilmiş, bağışlanılmış torpaqlara Prezidentin xüsusilə vurğu vurması bir daha onu göstərir ki, Azərbaycan öz tarixini, coğrafiyasını, hədəflərini və perspektivlərini dəqiq müəyyən edir, bu məsələlərdə geri addım atmaq fikrində deyil. Ən önəmli məsələ də ondan ibarətdir ki, Azərbaycanın bu gün şəffaf və aşkar surətdə təklif etdiyi, atdığı addımlar, əslində, Ermənistanın özünə də xeyir gətirə bilər. Bu təkliflərin, bu addımların manipulyasiya edilməsi, üçüncü qüvvələri regiona cəlb etmək cəhdləri və bəyanatları prosesləri, sadəcə olaraq, uzadır, pozur. Nəticədə isə bu işdə ən böyük ziyan çəkən də elə Ermənistanın özü olacaq.

“Əgər region xalqları birbaşa - vasitəçisiz, özləri dialoq qurub, prosesləri apara bilsələr bu daha yaxşı nəticələr verər. Prezident İlham Əliyevin 2003-cü ildən bu yana atdığı addımlar və apardığı siyasət bir sübutdur ki, Azərbaycan verdiyi sözlərin və həyata keçirdiyi siyasətin arxasında dura bilən dövlətdir, Prezident də atdığı bütün addımların altında imzası olan bir dövlət başçısıdır. Ermənistan konstruktiv mövqe tutarsa və Azərbaycanla regionun inkişafı istiqamətində əməkdaşlığa başlayarsa, onun üçün daha xeyirli olacaq, nəinki ayrı-ayrı, lazımsız və yalan məlumatlarla prosesləri manipulyasiya etməyə. Bəzi xarici qüvvələrin şirnikləndirməsi ilə vasitəçi kimi, yəni əldə oyuncaq olaraq bu işləri sanki siyasət aparırmış kimi manipulyasiya etmək onların özlərinə böyük ziyan vuracaq. Xüsusilə də son zamanlar bəzi xarici medianın və müəyyən dairələrin bəyanatları, Azərbaycanın əleyhinə atılmış yalan məlumatlar əsasında hazırlanan ortaq bir mərkəzdən idarə olunan məlumatların sülh prosesinə heç bir yararı, heç bir dəstəyi olmayacaq. Azərbaycan regionda nüfuz sahibidir, regionun digər dövlətləri ilə dost və strateji tərəfdaşlıq münasibətləri olan dövlətdir. Azərbaycan iqtisadi kommunikasiyaların qovşağıdır, böyük iqtisadi layihələri və böyük mədəni layihələri həyata keçirən bir dövlətdir. Ermənistanın çox xeyrinə olardı ki, bu proseslərdən özünü kənarda saxlamasın. Əks təqdirdə, Ermənistanın havadarları da ona kömək edə bilməyəcək və daim təcrid olunmuş şəkildə qalacaq. Təbii ki, bu onların seçimidir. Bunu Prezident öz müsahibəsində bir daha aydın şəkildə vurğuladı. Biz öz ideoloji xəttimizlə, yeni dövrün tələbləri ilə, yeni reallıqlarla daha konkret hədəflərə irəliləyəcəyik. Dövlətimizin başçısının müsahibəsindəki çağırışlar, perspektivlərlə bağlı ifadə etdiyi fikirlər Azərbaycan ictimaiyyətində çox aydın bir mənzərə formalaşdırır”, - deyə R.Həsənov əlavə edib.

Etiketlər