Yaponiyalı tələbə: Azərbaycanda ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar

Xaçmaz, 19 fevral

Layihəyə Yaponiyadan qatılmışam. Azərbaycanda ilk dəfədir oluram. Ölkənizin şimal bölgəsi sayılan Quba, Qusar və Xaçmazda bir sıra görməli yerləri gəzdik, dini məbədlərlə, tarixi məkanlarla, yerli sakinlərlə tanış olduq. Bu tanışlıq prosesində Azərbaycanın necə tolerant bir ölkə olduğuna şahidlik etdim. Burada əhalinin böyük hissəsi müsəlmandır. Həm şiə, həm də sünni mənsəbinə aid olanlar var. Başqa yerlərdən fərqli olaraq Azərbaycanda ayrı mənsəblərə aid müsəlmanlar, həmçinin müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Bu sözləri  “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Yaponiyadan olan iştirakçısı Takahiro Vatanabe söyləyib.

Yaponiyalı tələbə bildirib ki, Azərbaycan nadir ölkələrdəndir ki, tarixən müxtəlif xalqların və dinlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşamağı bacarıblar.

“Ekspertlərin Azərbaycanda dini, etnik müxtəliflik mövzularında mühazirələrini dinlədik. Düşünürəm ki, bu layihə ölkənizin multikulturalizm sahəsində əldə edilən uğurların təbliği baxımından böyük əhəmiyyətə malikdir. Bu dəyərlər bütün dünyada təbliğ olunmalıdır”, - deyə Takahiro Vatanabe bildirib.