VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları fevralın 16-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən layihə iştirakçılarına Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Mərkəz Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr həyata keçirir. İldə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəblərinin məqsədi Azərbaycan multikulturalizmini öyrənən tələbələrin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. Qış Məktəbində Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası, Braziliya kimi ölkələrin tələbələri iştirak edirlər. İcraçı direktor qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr oxunacağını qeyd edib.

Qış məktəbinin Portuqaliyadan olan iştirakçısı Joio Mestri deyib: “Azərbaycan mənim marağımda olan bir ölkədir. Biz bu səfərimiz zamanı Azərbaycan haqqında ətraflı məlumatlar əldə edəcəyik. Bu gün Azərbaycan dünyada multikulturalizmi təbliğ edən əsas ölkələrdən biridir”.

Yaponiyalı iştirakçı Taka Hiro Vatanabi bildirib: “Mən həmişə ədəbiyyatla maraqlanmışam, xüsusilə də Nizami Gəncəvinin əsərləri barədə məlumatım var. Mənim üçün daim maraqlı olub ki, Azərbaycanda multikulturalizm necə yaranıb. Mən bu qış məktəbində bu kimi suallarıma cavab tapacağam”.