AŞPA-da Azərbaycan multikulturalizmindən danışılıb

Strasburq, 25 yanvar

Ən sadə statistika Azərbaycanın etnik mənzərəsinin nə qədər rəngarəng olduğunu dəqiq göstərir. On milyona yaxın əhalisi olan ölkədə 100-dən çox etnosun nümayəndəsi yaşayır. Ölkədəki azsaylı xalqlar, milli azlıqlar və etnik qruplara yaradılmış vahid ailə şəraiti baxımından Azərbaycan dünyanın digər ölkələrinə örnəkdir. Bu ölkəmizdə əsrlərcə ənənəsi olan tarixi bir təcrübənin nəticəsidir. Çoxmillətlilik, çoxdinlilik, çoxmədəniyyətlilik Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycana öz töhfələrini verib. Bu, ölkəmizi daxilən zənginləşdirib, onun əlvan, ahəngdar mədəni palitrasını yaradıb və bu gün onu dünyanın multikulturalizm mərkəzlərindən birinə çevirib. Bunun sübutu XXI əsrin ilk illərindən Bakının mütəmadi olaraq dinlər, dillər, mədəniyyətlərarası dialoqa həsr edilən beynəlxalq forumlara, konfranslara, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir.

Bu fikirləri AŞPA-nın qış sessiyasında “Milli azlıqdan olan insanların hüquqlarını təşviq etmək” adlı məruzənin müzakirəsində nümayəndə heyətimizin üzvü Rafael Hüseynov söyləyib. O vurğulayıb ki, Azərbaycan hələ Avropa Şurasına üzv olmazdan əvvəl qurumun “Milli azlıqların qorunması haqqında” Çərçivə Konvensiyasını imzalayıb. Azərbaycan hökuməti bu konvensiyanın monitorinq mexanizmi olan Məşvərətçi Komitə ilə konstruktiv əməkdaşlıq edir. Ölkəmizin Avropa Şurasının hüquqi sənədləri sırasında xüsusi yer tutan bu konvensiyaya belə diqqəti və həssas münasibəti təsadüfi deyil. Milli azlıqlar ilə bağlı hər hansı ölkə daxilində aparılan siyasətin nə dərəcədə uğurlu olması, ilk növbədə, ənənə ilə bağlıdır. Əgər tarixən belə ənənə olmayıbsa və milli psixologiyada bu hiss yerini tutmayıbsa, milli azlıqlarla bağlı nə qədər çox işlər görülsə də, arzulanan müsbət nəticələri əldə etmək çətin olacaq.

“Azərbaycanda XIX əsrdən etibarən mövcud olan alman icmasını Birinci Dünya müharibəsi dövründə Orta Asiyaya sürgün etmək haqqında çar hökuməti qərar qəbul edir. O zaman Azərbaycanın nüfuzlu şəxsiyyətləri, tanınmış ziyalıları məktub hazırlayaraq, xüsusi nümayəndə heyəti ilə Qafqaz canişinliyinə yollanır və Azərbaycandakı alman əhalisini sürgün edilməkdən qoruya bilirlər. Milli azlıqlarla bağlı bir ölkə daxilində aparılan siyasət məhz belə doğma münasibət ənənələri və təcrübəsi olduğu təqdirdə yaxşı bəhrələr verir. Yəni bu duyğu cəmiyyətin içərisindən gəlməlidir, yalnız təbliğatla, hökm etməklə, inzibati üsullarla belə incə və həssas məsələlərdə uğur qazanmaq çox çətindir”, - deyə R.Hüseynov qeyd edib.

Azərbaycanlı deputat diqqətə çatdırıb ki, müasir şəraitdə milli azlıqların media hüquqlarının qorunması da ümdə şərtlərdəndir. Ölkəmizdə bu istiqamətdə qənaətbəxş mühit formalaşıb. Milli teleradioda bir sıra milli azlıqların dilində səslənən və nümayiş etdirilən proqramlardan əlavə, ölkə ərazisindəki 20-yə yaxın regional kanalda ardıcıl olaraq milli azlıqlara yer verilir, rus, gürcü, kürd, talış və sair dillərdə verilişlər hazırlanır. Milli azlıqların ana dilli mətbuatının inkişafı bir müsbət cəhətdirsə, digər təqdirəlayiq amil onların öz dillərində təhsil almaq imkanlarının mövcudluğu, dərsliklərin və müvafiq vəsaitlərin sistemli nəşridir.

R.Hüseynov milli azlıqları çox olan bir sıra ölkələrin üzləşdiyi problemlərdən, təhlükəli meyillərdən söz açıb. Qeyd edib ki, bu təhlükəli meyillər milli azlıqlar məsələsinə kənardan müdaxilə və təsirlər, sosial şəbəkə ilə ötürülən, ölkə xaricindən yayımlanan təxribat səciyyəli müxtəlif verilişlərdir. O, Azərbaycana qarşı bir sıra qonşu dövlətlərin ərazisində maliyyələşdirilərək hazırlanan, saxta, milli ədavəti qızışdıran, nifrət yayan proqramlar yayımlandığına diqqət çəkib.

“Azərbaycanda azad internet fəzası var. Bəs belə arzuolunmaz fəsadlardan necə qorunmalı? Güman edirəm ki, bu qəbil ortaq bəlalara qarşı müştərək mübarizə aparmaq, belə pozucu fəaliyyətlərin qarşısını ala biləcək təsirli mexanizmləri hərəkətə gətirmək lazımdır”, - deyə azərbaycanlı deputat vurğulayıb.