III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəki və Qaxda

 

Foto Qax 2

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi iyulun 22-də proqram üzrə işini Şəkidə davam etdirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında yay məktəbinin iştirakçları yerli gənclərlə birgə AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədovun “Azərbaycan multikulturalizminin tarixi: maddi-mənəvi dəyərlər (erkən orta əsrlər) “ mövzusunda mühazirəsini dinləyiblər. Məruzədə vurğulanıb ki, tarixən Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi həm multikultural dəyərlərin, həm də dini azadfikirliyin, tolerantlığın təşəkkül tapmasına və inkişafına zəmin yaradıb: “ Azərbaycan olduqca unikal bir mədəniyyətə malik ölkədir. Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş verib. Bu torpaqda tarix boyu atəşpərəstlik, türk, iran, Qafqaz, yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və digər müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşaraq dünyanın inkişafı üçün örnək sayıla biləcək mutikulturalizm modelini formalaşdırıb.

Azərbaycan xalqı tarix boyu digər din və mədəniyyətlərə tolerant münasibəti ilə seçilib. Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramlılığından irəli gəlir. Zərdüştilikdən başlayaraq sonuncu böyük din islamadək bütün dinlər Azərbaycanda yayılıb. Əsrlər boyu Azərbaycanda islam, xristian və yəhudi dinlərinin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmayıb. Müxtəlif din və mədəniyyətlərə mənsub insanlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyələrini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günümüzədək yaşadıblar. Müasir dövrdə də ölkəmizdə həmin dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunub saxlanılır.

Azərbaycanda tolerantlıq ənənəsinin formalaşmasına və dini qruplar arasında möhkəm birliyin yaranmasına, sülh və barışın hakim olmasına, ölkə ərazisinin tez-tez xarici dövlətlərin işğalına məruz qalması və asılı vəziyyətə düşməsi böyük təsir göstərib. Azərbaycanın zəngin yerüstü və yeraltı təbii sərvətləri, mühüm geostrateji ərazisi daim xarici ölkələrdə maraq doğurub, qüdrətli dövlətlər zəngin təbii sərvətləri talan etmək, yerləşdiyi mühüm geostrateji mövqelərə sahib çıxmaq məqsədilə mütəmadi olaraq bu ölkəyə hücumlar ediblər. Bölgədə yaşayan əhali etnik mənsubiyyətlərindəki və dini baxışlarındakı fərqlərə baxmayaraq düşmən qüvvələrə qarşı daim birgə mübarizə apararaq vahid vətənlərini qoruyublar.

Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu təsbit olunub”.

Günün ikinci yarısında yerli gənclərlə birgə beynəlxalq multikulturalizm yay məktəbi iştirakçılarının Şəkinin Kiş kəndinə ekskursiyası təşkil olunub. Tələbələr Kişdəki əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi sayılan, Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən sayılan Kiş-Alban məbədi ilə tanış olublar. Tələbələr həmçinin Qafqaz Albaniyası abidələrinin sərgisinə baxıblar.

Tələbələr Şəkiyə ekskursiyaları çərçivəsində Xan sarayı kompleksində və  Şəki Karvansarayında da olublar. Burada gördükləri tarixi tikililər, məbədlər, Azərbaycan mədəniyyətinə xas olan şəbəkə memarlığı nümunələri, Şəki ipəyindən hazırlanmış əl işləri, şəkili ustaların hazırladıqları məişət və bəzək əşyaları, təkəlduz tikmələr, həmçinin ləziz Şəki mətbəxi xarici iştirakçıların böyük marağına səbəb olub.

Yay məktəbinin iştirakçıları Qax rayonundakı Kürmük məbədini də ziyarət ediblər. Tələbələrə məbədin tarixi ilə bağlı ətraflı məlumat verilib: " Albaniya dövrünə aid olan və hazırda yaşayış sahəsindən xeyli uzaqlıqda, əhalisini tamamilə azərbaycanlılar təşkil edən Əmbərçay kəndi ərazisində yerləşən Kürmük məbədi fəaliyyət göstərmir və ölkə əhəmiyyətli tarixi abidədir.  Kürmük məbədi 1892-ci ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin bazası əsasında rus kilsəsi kimi bərpa edilib.  Lakin buna baxmayaraq alban kilsəsinin qalıqları ətrafda açıq-aydın nəzərə çarpır. Yerli əhali tərəfindən ziyarətgah kimi qəbul edilən və bir neçə il öncə təmir olunmuş kilsəyə ildə iki dəfə – may və noyabr aylarında mərasim keçirmək üçün insanlar toplaşır. Mərasimə gələnlərin əksəriyyətini yerli, müsəlman azərbaycanlılar təşkil edir. Qax rayonundakı təpələrdən birində yerləşən məbəd erkən orta əsr alban məbədlərindən biridir və öz adını eyniadlı çaydan götürüb. “Kürmük” sözünün mənasını iki sözün birləşməsi kimi izah edirlər: “kür” azğın, dəlisov və “muq” Hun tayfalarından birinin adıdır. Kürmük məbədinin maraqlı tarixi var. Hələ qədimdən insanlar Kürmük dağında qeyri-adiliyi ilə seçilən böyük qara daşı ziyarət ediblər. İllər keçsə də bu ənənələr bu gün də qorunub saxlanılır." Qədim abidə Azərbaycan multikulturalizm modelini öyrənən tələbələrdə böyük maraq doğurub.

Запись III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəki və Qaxda впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.