Caner Toker: “Azərbaycan dövləti və xalqı öz dostlarına yüksək dəyər verir”

 

AZƏRBAYCANIN GƏNC DOSTLARI KLUBU

caner toker (3)

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü-Türkiyənin Erciyes Universitetinin tələbəsi Caner Tokerin  ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.

Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar  təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini  günü-gündən genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin  beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.

Caner Toker: “ Bu, Azərbaycana ikinci səfərim idi. İlk dəfə Azərbaycanda beynəlxalq multikulturalizm qış məktəbində iştirak etmişəm. Həmin vaxt Azərbaycanın multikulturalizm modeli məni elə heyran etdi ki, buraya ikinci dəfə gəlmək imkanı yarananda bunu əldən buraxmaq istəmədim. Azərbaycanda olduğum müddətdə burada çoxsaylı xalqların dinc yanaşı yaşamasını öz gözlərimlə gördüm. Hansı dinə etiqad etdiklərindən və hansı etnik qrupa məınsub olmalarından asılı olmayaraq insanların bir-birinə hədsiz sayğı və sevgiylə yanaşması məni riqqətə gətirdi. Azərbaycanı gəzərkən buranın təbii gözəllikləri ilə yanaşı insanların qarşılıqlı münasibətində öz əksini tapan mənəvi, mədəni dəyərlərə valeh oldum.

Nicdəki alban –udi xristian məbədindəki toy mərasimi məni çox təsirləndirdi. Orada müxtəlif dinlərin daşıyıcıları və fərqli etnik kökənli insanlar aralarındakı fərqliliyin fərqinə belə varmadan hamısı yeni evlənənlərin xoşbəxt günündə sevinib əylənirdilər. Azərbaycan multikulturalizminin bundan daha yaxşı ifadə edən tablo təsəvvür etmirəm.

Azərbaycana  hər səfərimdən sonra bu qardaş ölkəyə sevgim daha da artır. Burda özümü evdəki kimi hiss edirəm.

Türkiyəyə qayıtdıqdan sonra Azərbaycanla bağlı təəssüratlarımı dostlarıma, qohumlarıma, ailəmə danışmaqdan doymuram. İstəyirəm ki, onlar da Azərbaycana gəlib bu maddi, tarixi və mənəvi gözəllikləri öz gözləri ilə görsünlər. Arzulardım ki, özümə dost bildiyim hər kəs bu ölkəyə səfər edib buradakı multikultural, tolerant mühitin, Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olsun. Əminəm ki, Azərbaycana marağı olan hər kəs bu marağın necə tezliklə sevgiyə çevrilməsinə özü də mat qalacaq. Azərbaycana gəlib onu sevməmək, dost olmamaq mümkün deyil. Əminəm ki, buraya bir dəfə səfər edən ikinci dəfə də gələcək.

“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin yaranması beynəlxalq multikulturalizm yay və qış məktəbində iştirak edən gənclərin hamısının ürəyindən xəbər verdi. Çünki bu klub Azərbaycan multikulturalizmi, mədəniyyəti, tarixi, adət-ənənələri, Azərbaycan xalqının zəngin mənəviyyatı ilə əyani tanış olan hər kəsin rahatlılqla sözünü deyə biləcəyi ictimai tribunadır. Bu tribuna vasitəsilə qardaş ölkə Azərbaycanın həqiqətlərini bütün dünyaya çatdırmaq, haqq işində ona dəstək olmaq hər bir azərbaycansevərin arzusudur.

Yay məktəbi ərzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin bizimlə görüşü mənim üçün xüsusilə yaddaqalan oldu. Həmin görüşdə Dövlət müşaviri unudulmaz fikirlər səsələndirib: “Çox şadam ki, Azərbaycana olan marağınız əyani tanışlıqdan sonra zamanla  Azərbaycana sevgiyə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur. Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri bizdən əvvəl kiməsə deyib sübut edirlərsə, deməli, yanılmamışıq və biz  dostlarımızı doğru seçmişik. Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir. Azərbaycan öncəki yay məktəblərinin tələbələrinə olduğu kimi, sizə də ömrünüz boyu dost olmağı təklif edir. Burada hamı sizi çox sevib. Biz sizinlə bu dostluq əlaqələrimizi təkcə indi yox, həmişə davam etdirmək arzusundayıq. Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi və biz ömrünüz boyu sizin dostunuz olmağa hazırıq”.  Dövlət müşavirinin bu sözləri sübut edir ki, Azərbaycan dövləti və xalqı öz dostlarına yüksək dəyər verir. Belə yüksək dəyər verilən dostlardan biri olduğum üçün fəxr edirəm”.

 

Запись Caner Toker: “Azərbaycan dövləti və xalqı öz dostlarına yüksək dəyər verir” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.