Rəvan Həsənovun BDU-da “Heydər Əliyev və Multikulturalizm” mövzusunda mühazirəsi olub

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Multikulturalizm” mövzusunda tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Dekan qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində Hüquq fakültəsində mütəmadi tədbirlər təşkil olunur. 
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov mövzu ilə bağlı mühazirəsi dinlənilib.
Rəvan Həsənov öncə mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. İcraçı direktor mühazirəsində vurğulayıb ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir. 
O diqqətə çatdırıb ki, Heydər Əliyev xalqı vahid ideologiya ətrafına toplayaraq Azərbaycan bayrağı altında birləşdirməyi bacaran fenomenal şəxsiyyətdir. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev şəxsiyyətinin mübarizliyi, iradəsi və qətiyyəti sayəsində həmin dövrdə respublikamız daxilində etnik-mədəni zəmində çaxnaşmalara son verildi, Azərbaycan siyasi sabitlik, iqtisadi, mədəni tərəqqi yolunda addımlamağa başladı. Heydər Əliyev Azərbaycanı separatizmin cəngindən qurtararaq tarixən bu torpaqları özünə vətən seçən, əsrlər boyu burada yaşayan xalqların nümayəndələrini bu ali ideologiya ətrafında birləşdirərək qüdrətli Azərbaycanın memarı oldu. Bu da inamla söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm modelinin siyasi banisidir. O, Azərbaycan xalqının əsrlər ərzində təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası  dayanır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynayıb. Respublikamız üçün çətin tarixi bir dövrdə,1993-1995-ci illərdə Heydər Əliyev ölkə ərazisində yaşayan etnik qruplarla, digər xalqların nümayəndələri ilə mütəmadi görüşürdü. Məhz bu bərabər qayğı və diqqətin nəticəsidir ki, ölkəmizdə yaşayan bütün xalqlar birlikdə vahid Azərbaycan cəmiyyətinin inkişafına, müstəqil dövlətimizin daha da qüdrətli olmasına öz töhfəsini verir.
Bu gün sürətli inkişaf yolunu seçən ölkəmiz həm də müxtəlif mədəniyyət və dəyərlərin daşıyıcısı olan xalqların, fərqli dinə etiqad edən insanların dinc şəraitdə yanaşı yaşadığı unikal multikultural məkandır.
Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir.  Bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət də Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. 
Rəvan Həsənov bildirib ki, müxtəlif millətlərin və dinlərin nümayəndələri min illərdən bəri ölkəmizdə dost və qardaş kimi yaşayıb, Azərbaycanı ümumi vətənləri kimi qoruyublar. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də Azərbaycanın Milli Ordusunun sıralarında ölkəmizdə yaşayan müxtəlif xalqların yüzlərlə, minlərlə nümayəndələri - əsgər və zabitləri xidmət etmiş, Vətənin müdafiəsinə qalxmışlar. Onların hər biri ölkəmizin ərazi bütövlüyünün bərpası naminə canlarından keçməyə hazır olduqlarını misilsiz şücaətləri ilə sübuta yetirmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş yüzlərlə şəhidin arasında müxtəlif xalqların övladları - aqarunovlar, yakovlevlər, polovinkolar, senyuşkinlər və başqaları kimi igid döyüşçülərimiz də vardır. Azərbaycan xalqı onların əziz xatirəsini əbədi yaşadacaq, heç zaman unutmayacaqdır.

Etiketlər