XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi regionda davam edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi öz işini regionda davam etdirir.

Fevralın 22-də iştirakçılar “Azərbaycanın multikulturalizm modeli: Mədəni müxtəliflikdə birlik” mövzusunda mühazirə dinləyiblər. Mühazirəni Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina təqdim edib. O multikulturalizm anlayışı, onun modelləri və Azərbaycanda multikulturalizm modeli haqqında ətraflı məlumat verib. Azərbaycan multikulturalizm modelinin əsas xüsusiyyətləri, iş mexanizmi və prinsipləri haqda danışıb. Azərbaycandakı multikultural və tolerant mühit, mövcud milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük və çoxkonfessiyalılıqdan bəhs edib. Vurğulayıb ki, Azərbaycan multikulturalizm modeli bir çox müasir cəmiyyətlər üçün nümunəvi modelə çevrilib. Ölkədə müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında birləşib, sülh və dostluq şəraitində yaşayırlar.

XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları gün ərzində Şahdağ Yay-Qış Turizm İstirahət Kompleksi ilə tanış olacaqlar. Günün sonunda “Öz xalqını təqdim et” musiqili axşam təşkil ediləcək. Musiqili axşamda iştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, etnik müxtəlifliyi haqqında məlumat verəcəklər.

Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək. XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən tələbələr iştirak edirlər.

Etiketlər