“Heydər Əliyev-gənclik-multikulturalizm” beynəlxalq konfransı Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti bəhrəsidir

 

 

bbmm tedbir 17 may

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 10-11 may tarixlərində Almaniyanın Auqsburq şəhərində Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev-gənclik-multikulturalizm”  mövzusunda beynəlxalq nəzəri-praktik konfransın yekun nəticələri ilə bağlı toplantı keçirilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qonaqları salamlayaraq  konfransın yüksək səviyyədə keçirilməsi istiqamətində əməyi olan qurumlara minnətdarlığını bildirib: “Ulu Öndərin xatirəsinə gözəl bir hədiyyə kimi təqdim etdiyimiz bu konfrans ölkə rəhbərliyi tərəfindən də son dərəcə müsbət qarşılanıb.  Mən elə güman edirəm ki, bu konfransı reallaşdırmaqla biz Azərbaycan multikulturalizminin siyasi banisi olan Ulu öndərin ruhu qarşısında olan mənəvi borcumuzun kiçik bir hissəsi bu şəkildə ödəmiş olduq.

Faktiki olaraq bizim mənəvi cəhətdən yüksək sayılan bütün işlərimizin əsas məqsədi ondan ibarətdir ki, bu gün və gələcəkdə harda olmalarından asılı olmayaraq Azərbaycanla bağlı bizdən əvvəl bizim dostlarımız öz səsini ucaltsın, bizim dərdlərimizdən, problemlərimizdən, layihələrimizdən bizim dostlarımız söz açsın. Biz artıq bunun elementlərini görürük. Auqsburqda keşirilən bu konfrans faktiki olaraq həmən o insanların formalaşmasında çox ciddi bir addım oldu. Sabah bu gənclər Azərbaycanla bağlı hər hansı bir istiqamətdə hər hansı bir provakasiyaya cavab verməyə hazır olan insanlardı. Bu istiqamətdə görülən işlər Azərbaycanın  gələcəyinin daha da möhkəm, cəsarətli və ləyaqətli olmasına doğru atılan bir addımdır. Bu tədbir öz- özlüyündə Ulu öndərə olan məhəbbətin ifadəsi idi,  amma Ulu öndərində böyüklüyü həm də ondadır ki, biz ondan çıxış edərək Azərbaycanın dostlarının daha da yaxınlaşmasına doğru növbəti siyasi-ideoloji bir  addım atdıq”.

AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov formatına, məzmununa və təşkilatı səviyyəsinə görə konfrası yüksək qiymətləndirib: “Ən maraqlısı o idi ki, o konfrans boyu Azərbaycanın Gənc Dostları müxtəlif xalqların və fərqli dinlərin daşıyıcıları olmalarına baxmayaraq hamısı bir ailənin övladları kimi son dərəcə səmimi münasibətdəydilər. Bu səmimiyyət o konfransın təməl daşı idi. Mən orda bir daha şahid oldum ki, onların Azərbaycan multikulturalizmi fənnindən öyrəndikləri çox şey var. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləru Salomeya Lukayte və Dimitrios Asproulisin moderatorluğu ilə apardığı bölmə iclasları xüsusilə diqqətimi çəkdi. Konfransın proqramına uyğun olaraq tədbirin sonuna qədər  məruzələr maraqla dinlənildi, səmimi müzakirələr aparıldı. Bu işin cəfakeşi olan Dövlət müşaviri Kamal Abdullayevə xüsusi minnətdarlığımı bildirirəm”.

M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirdən zəngin təəssüratlarla ayrıldıgını deyib: “Dünyanın müxtəlif ölkələrindən gələn gənclər Azərbaycan, onun multikulturalizm modeli haqqında necə sevgiylə, maraqla, necə də ürəkdən çıxış edirdilər. O gənclər yaşa dolanda, ən müxtəlif dairələrdə təmsil olunanda belə Azərbaycan sevgisi onların ürəyində qalacaq. Azərbaycanın Gənc Dostlarının simasında sözün əsl mənasında, gələcəyin lobbiləri hazırlanır. Biz hamımız çalışmalıyıq ki, Azərbaycanın Gənc Dostlarının sayı gələcəkdə daha da artsın”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu konfransı Azərbaycanın gələcəyinə qoyulmuş sərmayə kimi dəyərləndirib: “Məşhur bir ifadə var: əgər uzaq gələcəyə sərmayə qoymaq istəyirsinizsə, insan  yetişdirin. Düşünürəm ki, biz azərbaycanpərəst insan yetişdirməklə düz yoldayıq. Auqsburqda keçirilən konfrans yay və qış multikulturalizm məktəblərindən başlayan böyük bir prosesin tərkib hissədir. Bu proses təkcə konfranslar, görüşlər formatında deyil, bu, böyük bir platforma, böyük bir hədəfdir. “Heydər Əliyev-gənclik-multikulturalizm” dövlət əhəmiyyətli strateji layihənin bir elementidir. Bu möhtəşəm prosesin gələcəkdə də davam edəcəyinə ünanıram”.

BBMM-in layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev Azərbaycanın Gəncd Dostlarının təşəbbüsü,  BBMM, Auqsburq Universiteti və “Run Group”un təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Almaniya, İsveçrə, İtaliya, İsrail, Rusiya, Gürcüstan, Litva, Yunanıstan, Estoniya, Rumıniya, Bolqarıstan, Makedoniya, İndoneziya,  Portuqaliya, ABŞ, Polşa və Çexiyanın  17 nüfuzlu universitetindən onlarla tələbənin, 12 əcnəbi və azərbaycanlı alimin,  dövlət və hökümət rəsmilərinin, dini icma rəhbərlərinin, ziyalıların iştirak etdiyini bildirib. Şöbə müdiri ikigünlük konfrans zamanı 4 bölmədə iclasların davam etdiyini, günün ikinci yarısında nümayəndə heyətinin Auqsburqdakı sinaqoq, məscid və kilsələrlə tanış olduğunu qeyd edib.

Telekörpü vasitəsilə tədbirə bağlanan Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Vulf və BBMM-in Drezden filialının Bircit Vaysgerber  konfransla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Diqqətə çatdırılıb ki, Almaniyanın qədim multikultural şəhərlərindən olan, katolik, protestant, lüteran, yəhudi və müsəlmanların əsrlərdir bir arada yaşadığı Auqsburqda bu konfransın təşkil olunması əlamətdar hadisədir. Bu konfrans Azərbaycan və Ausburqdakı multikultural mühitə daha yaxından bələd olmaq, onları müqayisə etmək, ortaq dəyərlərimizi qiymətləndirmək baxımından qiymətli bir təcrübədir. Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə inteqrasiyası baxımından “Heydər Əliyev-gənclik-multikulturalizm” konfransı çox önəmli bir layihədir.

Sonda Azərbaycanın Gənc Dostlarının  Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış müraciəti oxunub. Müraciətdə deyilir: “Möhtərəm cənab Prezident! Biz – dünyanın müxtəlif ölkələrindən olan Azərbaycanın Gənc Dostları 10-11 may 2017-cı il tarixlərində Almaniyanın multikulturalizm mərkəzlərindən biri olan Auqsburqda unudulmaz xoş günlər keçirdik, bir-birimizi daha yaxından tanıdıq, Ulu Öndər Heydər Əliyevin xatirəsini anmaq üçün öz təşəbbüs və istəyimizlə beynəlxalq nəzəri-praktik konfransa toplaşdıq.

Azərbaycanın və dünyanın 17 xarici ölkə universitetini təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan onlarla tələbə Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bir-birilə bölüşdü. Bu konfransın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın Gənc Dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümü oldu.

Sizin Sərəncamınızla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi bir daha göstərir ki, günəşli ölkənizdə fərqli mədəniyyətlərə mənsub insanlar arasında heç bir ayrı-seçkilik yoxdur. Sizin təşviqinizlə həyata keçirilən Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəbinin iştirakçıları kimi qatıldığımız tədbirlər, ölkənizdəki müxtəlif ibadət evlərini ziyarət Azərbaycanın multikultural və tolerantlıq məkanı olması barədə universitet auditoriyalarında eşitdiklərimizin əyani təsdiqi oldu.

“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən tələbələrin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində yaradılıb. Bu gün Birliyin 200-dən çox üzvü var. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi və bütövlükdə, haqq işinin dəstəklənməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərir, müxtəlif tədbirlər həyata keçirir. Biz hamıya çatdırmağa çalışırıq ki, Azərbaycan xalqı və dövləti ölkə ərazisində əsrlərdən bəri mövcudluğunu sürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətlə, misilsiz multikultural dəyərləri, nadir multikulturalizm modeli ilə dərin ehtirama layiqdir. Beləliklə, BBMM və Auqsburq Universitetinin təşkilatçılığı ilə bu konfransı gerçəkləşdirməklə biz – Azərbaycanın Gənc Dostları bir daha Azərbaycan xalqına və dövlətinə öz sayğımızı ifadə etmiş olduq.

Cənab Prezident! Sizə bildirmək istəyirik ki, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş bu konfransdan zəngin təəssüratla ayrılır, yenə də qəlbimizdə özümüzlə Azərbaycan sevgisi aparırıq. Sizə və Prezidenti olduğunuz Odlar Diyarına sonsuz sevgi ilə...”

 

Запись “Heydər Əliyev-gənclik-multikulturalizm” beynəlxalq konfransı Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti bəhrəsidir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.