Qış Məktəbinin iştirakçıları “Heydər Əliyev və multikulturalizm” mövzusunda mühazirə dinləyiblər

Fevralın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ADA Universitetində “Heydər Əliyev və multikulturalizm” mövzusunda mühazirə dinləyiblər.

Mühazirəni ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə təqdim edib.

F.İsmayılzadə diqqətə çatdırıb ki, Azərbaycanda multikulturalizmin dərin kökləri var. Ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında Heydər Əliyevin xidmətləri çoxşaxəlidir. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqaməti yeni mərhələdə Prezident İlham Əliyev uğurla davam etdirir. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə nümunədir.

Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək. XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən 30 tələbə iştirak edir.