Şuşada “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi çərçivəsində mayın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa keçirib.

Tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov 28 May- Müstəqillik Gününün Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri ilə birlikdə Şuşa şəhərində qeyd edilməsinin əhəmiyyətini bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışan icraçı direktor deyib ki, bununla Azərbaycanın dərin dövlətçilik ənənələri bərpa edilib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin də dediyi kimi, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

“O dövrdə ziyalılarımız, cümhuriyyətçilər cəmi 23 ay fəaliyyət göstərsələr də, böyük islahatlar həyata keçirdilər. Onlar demək olar həyatın bütün sahələrində islahatlar reallaşdırdılar. Ən mühüm məsələlərdən biri isə dövlət rəmzlərimizin yaradılması, istiqlal bayrağımızın dalğalandırılması idi. 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqillik aktı qəbul ediləndə onun Cümhuriyyətin varisi olması əsas götürüldü. Azərbaycan tarixinin vacib səhifələrindən biri də müstəqilliyimizin bərpası ilə bağlıdır. Bu fikirləri ulu öndər Heydər Əliyev də hər zaman vurğulayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına da dərin ehtiramını bildirirdi. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Təsadüfi deyil ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu”, - deyə icraçı direktor əlavə edib.

2020-ci ildə Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdiyini vurğulayan R.Həsənov bildirib ki, artıq iki ildir xalqımız bu bayramı xüsusi ovqatla, qürurla qeyd edir. Azərbaycanın üçrəngli bayrağı ölkəmizin bütün ərazisində dalğalandırılır.

Sonra çıxış edən Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov Azərbaycanın nadir etnik və dini müxtəlifliyə malik ölkə olduğunu bildirib. Deyib ki, əhalisinin təqribən 96 faizi müsəlman olan Azərbaycanda dini etiqad azadlığı, xalqların və fərqli konfessiyaların nümayəndələri arasında tarixən formalaşmış səmimi birgəyaşayış normaları, multikultural ənənələr, qarşılıqlı hörmət prinsipləri mövcuddur və müasir demokratik mühitdə bu xüsusiyyətlər daha da möhkəmləndirilib. Tarixi keçmişə söykənən bu ənənələr bu gün “tolerantlıq”, “multikulturalizm” dediyimiz sağlam birgəyaşayış mühitini formalaşdırıb və xalqımız onu ən qiymətli miras kimi nəsildən-nəslə ötürüb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin gündəmə gətirdiyi və yeni məzmunla zənginləşdirdiyi azərbaycançılıq ideyasının əsas prinsipi məhz xalqların və dinlərin birgəyaşayış normalarının həyat tərzinə çevrilməsidir.

Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin ölkəmizi dünya miqyasında çoxmillətli, çoxkonfessiyalı və mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı kimi tanıtdığını diqqətə çatdıran Əliheydər Zülfüqarov deyib: “Həyati reallığımız ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı dostluq, sülh və əməkdaşlıq şəraitində yaşadığını, respublikanın ictimai-siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynadığını, eyni zamanda, Azərbaycanın taleyüklü məsələlərində yüksək həmrəylik nümayiş etdirdiyini göstərir. Bu mənada, parlaq Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi bunun ən bariz nümunəsi kimi səciyyələnir. Azərbaycan Prezidenti İlham Əliyev bunu belə ifadə edib: “Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi. Bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər”.

Azad edilən Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Şuşada həyat yenidən canlandığını deyən Ə.Zülfüqarov deyib ki, erməni vandalizminin qurbanına çevrilmiş yaşayış məskənlərimiz, tarixi-mədəni, dini abidələrimiz bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə təmir-bərpa edilir, yeni obyektlərin təməli qoyulur, infrastruktur yenidən qurulur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi misilsiz fəaliyyətlər xüsusi ilə qeyd olunmalıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin aparıcı məsləhətçisi Ayşə Məhərrəmova çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Qarabağı azad görmək hər bir Azərbaycan vətəndaşının başlıca arzusu idi.

Tədbirin 28 May-Müstəqillik Günü ərəfəsində Şuşada keçirilməsinin önəmini vurğulayan A.Məhərrəmova Azərbaycanda multikultural dəyərlərin tarixindən bəhs edib. Deyib ki, Azərbaycan XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik ölkə kimi dini mənsubiyyətindən, irqindən asılı olmayaraq, hər kəsə qapılarını açdı. Bu proses hazırda da ölkəmizdə davam edir.

O, işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsində Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın böyük payının olduğunu bildirib. Deyib ki, məhz buna görə həmin ərazilərdə qısa müddətdə ciddi infrastruktur layihələri icra olunub və bu proses davam etdirilir".

Digər çıxış edənlər - Milli Məclisin deputatı Anatoliy Rafailov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Azərbaycandakı Axıska Türklərinin “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, Kürd icmasının nümayəndəsi Zabit Məmmədov, “Samur” Ləzgi Mədəniyyət Mərkəzinin sədri İmran Rzayev, “Azərbaycan-Avar” İctimai Birliyinin sədri Məhəmməd Nooyev, “Azərbaycan Ukrayna Konqresi” İctimai Birliyinin sədri Yuriy Osadçenko, “Azəri” Tat Mədəniyyət Mərkəzinin sədri Elman Əhmədov, “Buduq” Xeyriyyə Cəmiyyətinin sədri Rafiq Abdullayev və "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin sədri Mariya Hüseynova tədbir haqqında fikirlərini bölüşüb, ölkəmizdəki bütün milli və etnik qrupların təmsilçilərinin 44 günlük Vətən müharibəsində dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşməsindən danışıblar. Eyni zamanda, ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələrinə verilən dəyəri yüksək qiymətləndirib, buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdən sonra Azərbaycan incəsənətinin tanınmış nümayəndələri – Bülbülün, Üzeyir Hacıbəylinin və Natəvanın güllələnmiş heykəllərinin qoyulduğu şəhər meydanına gələn iştirakçılar, həmçinin Qala divarlarını və Xalq artisti Bülbülün ev-muzeyini ziyarət ediblər.