“Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində Azərbaycanlıların soyqırımına həsr edilmiş dəyirmi masa keçirilib

Martın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Azərbaycanlıların soyqırımı-1918” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirin moderatoru BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov tarixin müxtəlif mərhələlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından danışıb və bu kimi tədbirlərin davamlı olaraq keçirilməsinin önəmini qeyd edərək bildirib ki, biz tariximizi öyrənməli və onun acı dərslərindən ibrət götürməliyik.

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi 31 Mart soyqırımı barədə məruzə ilə çıxış edib. 1905-ci ildən başlyaraq Azərbaycanda müxtəlif xalqların soyqırımına məruz qalmasını, yerli insanların başına gətirilən faciələri vurğulayıb. Ermənilərin xalqımıza, milli-mənəvi dəyərlərimizə qarşı törətdiyi faciələrdən bəhs edib, həmçinin baş verən hadisələrin tarixinə nəzər salıb.

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin elmi katibi Fərhad Cabbarov çıxışında tədbirin əhəmiyyətindən danışıb. Bir neçə gün əvvəl Xocalının Fərrux kəndində tapılan kütləvi məzarlıqlar barədə məlumat verib. Erməni terrorunun tarixin bütün dönəmlərində xalqımıza qarşı istifadə olunduğunu deyib. Bildirib ki, ermənilərin xalqımıza, dini abidələrimizə qarşı törətdiyi terrorlar 1905-1906-cı illərdən sonra da geniş vüsət alıb. Ermənilər insanlara qarşı amansızlıq göstərib, dini, mədəni abidələri dağıdıblar. Bugünkü nəsillər bu hadisələrdən dərs çıxarmalıdırlar.

AMEA-nın Tarix İnstitutunun Qədim dövr şöbəsinin elmi işçisi Ləman Əsədzadə çıxışı zamanı azərbaycanlıların tarixdə ən çox soyqırımına məruz qalan xalqlardan olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin azərbaycanlıların soyqırımına verdiyi siyasi-hüquqi qiyməti yüksək qiymətləndirib.

Tədbirin sonunda çıxış edən Axıska Türkləri "Vətən" İctimai Birliyinin sədri Xalid Xəlilov və Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin Alimlər Şurasının sədri, professor Arif Quliyev ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror aktlarından danışıblar. Həmçinin müxtəlif vaxtlarda erməni şovinistlərinin xalqımıza qarşı apardığları soyqırımlar haqqında məlumat veriblər. Natiqlər 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən danışıb, torpaqlarımızın azad edilməsində ölkəmizdə olan müxtəlif xalqların nümayəndələrinin bir yumruq kimi birləşdiyini vurğulayıblar.

Qeyd edək ki, tədbirdə dini və milli icmaların nümayəndələri, alimlər və tələbələr iştirak ediblər.