XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb

Fevralın 23-də “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusunda XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.

Əvvəlcə Qış Məktəbi haqqında film nümayiş olunub.

Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla bildirib ki, Qış Məktəbinin iştirakçıları bir həftə ərzində Azərbaycanın bir çox məkanları ilə tanış olublar. “Əminik ki, Azərbaycandan xoş təəssüratlarla ayrılacaqsınız. Buraya gələn insanların Azərbaycanı bizim qədər sevdiyinə inanırıq. Əminik ki, siz ölkənizə dönərkən ürəyinizdə Azərbaycan məhəbbəti aparacaqsınız. Bizim ünsiyyətimiz bu Qış Məktəbindən sonra başlayacaq. Azərbaycandakı dostlarınız hər zaman sizin yanınızda olacaqlar”, - deyə K.Abdulla qeyd edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu layihənin iştirakçıları ilə dostluq və əməkdaşlığın davam edəcəyini bildirib. Qış Məktəbinin iştirakçılarının Ağdam və Şuşaya səfər edən ilk xarici ölkə vətəndaşlarından olduğunu deyən R.Həsənov iştirakçılara təşəkkürünü bildirib.

Sonda Qış Məktəbində iştirak edənlərə sertifikatlar təqdim olunub və iştirakçılar adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.