Multikulturalizm Mərkəzi ili uğurla başa vurub

BBMM-in 2021-ci ilin yekunlarına dair hesabatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən ili uğurla başa vurub. Dövlət başçısının tövsiyəsi ilə BBMM sadəcə ölkə daxilində deyil, eyni zamanda bir sıra xarici ölkələrdə də Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata kecirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, görüşlər həyata keçirib. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də, multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb. 
2021-ci ildə dünya ölkələrində geniş yayılan pandemiyanın davam etməsi səbəbindən, BBMM-in də bir çox yerli və beynəlxalq səviyyəli tədbiri təxirə salınıb. Bəzi tədbirlər isə pandemiya şəraitinin şərtlərinə uyğun olaraq onlayn formatda həyata keçirilib.
2021-ci il ərzində ölkə daxilində gerçəkləşən yerli və beynəlxalq əhəmiyyətli tədbirlər arasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş onlayn konfrans, “Holokost və Xocalı – müasirlərin gözü ilə”, eləcə də “Xocalı soyqırımı”nın 29-cu ildönümünə həsr edilmiş dəyirmi masaları, habelə Novruz bayramı münasibətilə ölkəmizdəki etnik qrupların və konfessiya nümayəndələrinin iştirakı ilə ənənəvi bayram tədbirini xüsusi qeyd etmək olar. 
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə, BBMM-in yaradılmasının 7 illiyinə həsr edilmiş Mərkəzin xarici ölkələrdəki filiallarının həyata keçirdiyi tədbirlər, Azərbaycanda mövcud olan etnik və dini icmalarla birgə 15 iyun - Milli Qurtuluş Gününə ithaf edilən dəyirmi masa və “Qafqaz Albaniyası irsi” mövzusunda təşkil olunan videokonfrans pandemiya şəraiti ilə əlaqədar onlayn şəkildə gerçəkləşdirilib. Eyni zamanda, ali məktəblərin bakalavr pilləsi üçün tədris proqramına əsas fənn kimi daxil olan “Multikulturalizmə giriş” fənnini tədris edəcək müəllimlər üçün treninqlərin təşkili də onlayn həyata keçirilib.
Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri, dini konfessiya rəhbərlərinin və şəhid ailələri, qazilərin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük” mövzusunda dəyirmi masalar, habelə ölkədaxili və xarici mətbuatda çoxsaylı müsahibələri təqdim olunub. Ermənilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdiyi mədəni terror və beynəlxalq təşkilatların bu mözuya laqeyd münasibəti məsələsi də BBMM tərəfindən diqqət mərkəzində saxlanılıb. 
BBMM-in Rusiya, ABŞ, Bolqarıstan, Almaniya nümayəndəliklərində, eləcə də Mərkəzin dəstəyi ilə İsrail və Ukraynada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbirləri təşkil edilib.
Xarici ölkələrdə gerçəkləşdirilən tədbirlər sırasında BBMM və Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə Taras Şevçenko adına Kiyev Milli Universitetində, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində, V.İ.Vernadski adına Tavriçeski Milli Universitetində, Boris Qrinçenko adına Kiyev Universitetində, “Jitomirskaya politexnika” Universitetində Azərbaycan multikulturalizmi modelinin təbliğinə istiqamətlənən mühazirə və təqdimatların, eləcə də esse müsabiqəsinin təşkilini xüsusi vurğulamaq lazımdır. 
Mövcud pandemiya şərtlərinə baxmayaraq, İtaliyanın Bolonya şəhərində keçirilən G20 Sammitinin VIII Dinlərarası Dialoq Forumunda iştirak və Forum çərçivəsində G20 Sammitinin Dinlərarası Dialoq Forumun vitse-prezidenti professor Kol Durham, ABŞ-da yerləşən Stirlinq Fondunun icraçı direktoru Edvard Rou, Sudanın dini işlər üzrə naziri Nəsrəddin Mofarj, Efiopiyanın dini işlər üzrə müşaviri Tiquan Taqay, eləcə də Avropa Kilsələr Konfransının İnsan hüquqları müdafiəçisi Elizabeta Kitanoviç ilə görüşləri, “Birinci Türkoloji qiraətlər” adlı Ümumukrayna elmi konfransı, Ukraynanın Kiyev şəhərində “Ukrayna xəbərləri” İnformasiya Agentliyi Mərkəzində Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsinə həsr edilən dəyirmi masa, Hindistanın Şri-Şri Universitetində “8 noyabr - Zəfər  Günü” münasibəti ilə  ikinci Qarabağ müharibəsi mövzusunda seminar, Türkiyədə “Bu zəfər hamımızın ortaq zəfəri” adlı beynəlxalq konfrans və İsraildə Azərbaycanın ikinci Qarabağ müharibəsində böyük Qələbəsinə həsr edilmiş dəyirmi masa keçirilib. Eyni zamanda, pandemiya şərtlərinə uyğun olaraq Mərkəz “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans,  “İsraildə Azərbaycan evi” ilə “Erməni faşizmi və vandalizmi - tarix və reallıq” adlı beynəlxalq konfrans, Ukrayna filialı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümünə həsr edilən esse müsabiqəsi, Ukrayna ilə telekörpü şəklində, 8 noyabr – Zəfər gününə həsr olunan konfrans, “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü və Azərbaycanın Multikulturalizm Modeli” mövzusunda seminar-muhazirə onlayn formatda həyata keçirilib. 
 Azərbaycan multikulturalizmi fənnini dinləyən xarici tələbələrin “8 noyabr - Zəfər  Günü” münasibəti ilə video müraciətlər və məktublar vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin sosial şəbəkələr üzərindən təbliği həyata keçirilib. Bununla yanaşı, Hindistanın Şri-Şri Universiteti, Rumıniyanın Aleksandr İoano Kuza Universiteti, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetində və Yaponiyanın Hokkaydo Universitetində “8 noyabr - Zəfər  Günü” münasibətilə ikinci Qarabağ müharibəsi mövzusunda elmi seminarlar təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində eyni zamanda, Almaniyada nəşr olunan “Post” qəzetinin nümayəndə heyəti ilə Cenevrə Universitetinin İdarəetmə, Din və Dəyərlər Mərkəzinin qurucusu, Cenevrə Mənəvi Müraciət Dərnəyinin sədr müavini Ventzeslav Sabevlə, Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Demir Muxetdinovla, İsveç Respublikasından ölkəmizdə səfərdə olan jurnalistlərlə, Fransız jurnalist və yazıçı Renaud Girard bir qrup dini icma nümayəndələri və ABŞ-ın Los-Anceles şəhərindən olan müsəlman, xristian və yəhudi dini icma rəhbərləri ilə görüşlər təşkil edilib.

Bakı Beynəlxalq Multikuluralizm Mərkəzi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi məqsədilə yaradılmış İdarələrarası Mərkəzin “Elm, təhsil və mədəniyyət məsələləri üzrə” İşçi Qrupunun iclaslarında müntəzəm iştirak etmiş, layihə və təkliflərin formalaşdırılması prosesində aktiv olmuş və işçi qrupu ilə birgə işğaldan azad edilmiş ərazilərimizə müntəzəm səfərlər edib.

Multikulturalizm Mərkəzinin əməkdaşları 2021-ci il ərzində müxtəlif xarici ölkələrdə təşkil olunan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə qatılıb, məruzələrlə çıxış ediblər. Belə tədbirlər sırasında Albaniyanın paytaxtı Tirana şəhərində “ATƏT regionunda anti-semitizmlə mübarizə” mövzusunda keçirilən konfransı,  BMT-nin Azlıqların Məsələlərinə dair Forumunun 13-cü sessiyasını, Avropa Şurasının “Nifrət nitqi ilə mübarizə” üzrə ekspert komitəsinin birinci və ikinci toplantılarını, Rusiya-Azərbaycan Gənclər Forumunu və digərlərini qeyd etmək olar.
BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 22 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çex Respublikası, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. 2021-ci il ərzində 10 xarici ölkə universitetində (Ural Federal Universiteti - Rusiya, Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti - Bolqarıstan, Aleksandr İoan Kuza Universiteti - Rumıniya, İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti - Gürcüstan, Taras Şevçenko adına Kiyev Milli Universiteti - Ukrayna, Şri Şri Universiteti - Hindistan,  Hokkaydo Universiteti - Yaponiya, Gadjah Mada Universiteti - İndoneziya, Frayburq Universiteti - İsveçrə, Braziliya Federal Universiteti - Braziliya, Erciyəs Universiteti - Türkiyə) Azərbaycan multikulturalzimi fənninin tədrisi davam edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmrinə əsasən ölkədaxili bütün ali təhsil məktəblərində “Multikulturalizmə giriş” fənni bakalavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilib və bu fənn 38 ölkədaxili universitetdə magistr pilləsində tədris olunur. 2021-ci il ərzində “Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənnlərini tədris edəcək şəxslərin hazırlanması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan universitetlərinin 56 müəlliminin iştirak etdiyi treninq kursları təşkil edilib, treninqləri uğurla bitirən müəllimlərə müvafiq sertifikatlar verilib. 
Eyni zamanda, Mərkəz tərəfindən “Azərbaycan multikulturalizminin fəlsəfi və ictimai-publisistik qaynaqları”, “Həqiqətin onomastikası: Ermənistan Respublikası ərazisində tarixi toponimlərin dəyişdirilməsi”, “Qafqaz Albaniyasının etno-mədəni irsi – 2” beynəlxalq elmi məqalələr toplusunu, “Azərbaycanda yaşayan polyaklar”, “XX-XXI əsr talış poeziya antologiyası” və Qurban Səidin “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan azsaylı xalqların (talış, kürd və udi) dillərində kitabları nəşr edilib. Multikulturalizm Mərkəzinin ingilis dilində “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalının ötən il daha iki sayı işıq üzü görüb. Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini və tarixini əks etdirən (ingilis dilində altyazı ilə) on sənədli film hazırlanıb, televiziya və sosial şəbəkələr vasitəsi ilə geniş yayılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2021-ci il ərzindəki fəaliyyəti, müxtəlif layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər müntəzəm olaraq yerli KİV-lərlə yanaşı, xarici KİV-lərdə işıqlandırılmasına da geniş yer ayrılıb. Türkiyənin “TRT Deutsch” telekanalında, “Sonnokta”, “Yeniakıt”, “Habertürk”, “Haberofisi”, “TRT Azərbaycan” saytlarında, “Yeni Akit” qəzeti, “Düşüncə və Tarix” jurnalında Azərbaycan multikulturalizmi mövzusuna həsr edilən məqalələr, Belçikada “Din və radikalizm” kitabında “Dini ekstimizmlə mübarizədə multikulturalizm siyasətinin rolu: Azərbaycan nümunəsində” elmi  məqalə, “Atavatan” Türkmənistan beynəlxalq jurnalında “Heydər Əliyevin miras qoyduğu multikultural dəyərlərə malikik” adlı məqalə, Almaniyanın “Post” qəzetində “Azərbaycan çoxmədəniyyətli ölkədir” adlı məqalə, “Ukraynanın səsi” qəzetində "Dağlıq Qarabağın qaytarılması postsovet məkanında dondurulmuş münaqişənin həlli üçün ilk presedentdir" başlıqlı məqalə dərc edilib. 
Multikulturalizm Mərkəzi ötən ildə yerli və xarici elmi-tədqiqatçılar üçün multikulturalizm sahəsində elmi araşdırmalar müsabiqəsi keçirib. “Multikulturalizm  elmi-tədqiqat müsabiqəsi-2021” beynəlxalq müsabiqəsinin missiyası multikulturalizm sahəsində yüksək səviyyəli elmi araşdırmaları dəstəkləməkdir. Türkiyənin Manisa Celal Bayar Universitetinin dosenti Ülviyyə Sanılı Aydının ”Azərbaycan multikulturalizminin geosiyasəti”, Çin Xalq Respublikasının Vuksi Universitetinin dosenti Müddəssər Sərfrəzin “Multikultural mühitdə istehlakçıların istehlak obyektinə münasibətinə və satınalma niyyətinə yeni baxış” və Rumıniya Respublikasının Vasile Alecsandri" adına Bakau Universitetinin dosentləri Dr.Brindua-Mariana Amalancei və Dr.Andreia-Irina Suciunun “Mədəni müxtəlifliyin vacibliyi, miqrantlarla bağlı perspektivlərin formalaşdırılması: KİV-də irqçilik və mədəni müxtəliflik” adlı araşdırmaları mükafata layiq görülüb.  
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  2021-ci il ərzində fəaliyyəti barədə bütün məlumatlar Mərkəzin 3 dildə - azərbaycan, rus və ingilis dillərində yayılan http://multikulturalizm.gov.az rəsmi saytında, eləcə də rəsmi facebook, Twitter və Youtube səhifəsində yerləşdirilib.