Azərbaycan multikulturalizmi: Müdrik siyasətin məntiqi nəticəsi

    Etnomədəni rəngarəngliyi ilə seçilən Azərbaycanda xalqlar və dinlər arasında əlaqələr, bu gün tolerantlıq adlandırdığımız tarixi birgəyaşayış prinsipləri əsrlərdən bəri formalaşmış ənənələrə, qarşılıqlı hörmət, etimad və əməkdaşlığa söykənir. Azərbaycan prezidenti İlham Əliyevin daim vurğuladığı kimi, “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir”. Bu sitat özündə dərin mənanı, Azərbaycan cəmiyyətinin tarixi təcrübə ilə cilalanmış, təkmilləşdirilmiş etnomədəni münasibətlər prinsiplərini, xalqlar və dinlər arasında yüzilliklər boyu formalaşmış ənənəvi və unikal birgəyaşayış modelini qətiyyətlə və tam dolğunluğu ilə özündə əks edir. Burada “Azərbaycan xalqı” dedikdə dövlətimizin Əsas Qanununda – Azərbaycan Respublikası Konstitusiyasında təsbit edildiyi kimi etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi, dini etiqad azadlığı, onların tarixin sınaqlarından çıxmış birliyi, sarsılmaz ittifaqı və qardaşlıq münasibətləri nəzərdə tutulur. Həmin müddəalar təkcə qanunlarda deyil, gündəlik həyatda da öz təcəssümünü tapmaqdadır. O da məlumdur ki, Azərbaycanda tarixən müxtəlif xalqlar və dini icmalar məskunlaşmış, onlar ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, eyni zamanda Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasət sayəsində öz etnomədəni xüsusiyyətlərini, inanclarını, yaşam tərzlərini və adət-ənənələrini qoruyub-saxlamış, hətta qarşılıqlı mədəniyyət mübadiləsi nəticəsində ümumazərbaycan mədəniyyətinə böyük tövhələrini vermişlər. Bu prinsiplərin təməli isə vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur Ulu Öndər çıxışlarının birində bu birliyin mahiyyəti və sarsılmaz gücü haqqında bunları demişdir: “Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar”. 
    Bu həqiqət Azərbaycan xalqının şanlı qələbəsi ilə başa çatmış 44 günlük müharibə ərzində də bir daha təsdiqini tapmışdır. Tarixi Zəfərimizin memarı, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu otuz ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızı düşməndən azad etmişdir. Odur ki, silahlı qüvvələrimizin “Dəmir yumruq” kod adı altında apardıqları genişmiqyaslı əks-hücum əməliyyatı həm də Azərbaycanın etnik və dini müxtəlifliyi, Azərbaycançılıq məfkurəsi, Azərbaycan xalqlarının vahid mənafe uğrunda birliyi, uğurlu multikulturalizm siyasəti baxımından rəmzi xarakter daşımaqdadır. Onları qələbəyə ruhlandıran əsas amillərdən biri də məhz Ali Baş Komandana, Azərbaycan Prezidentinə xalqımızın böyük inamı, etimad və etibar hissi olmuşdur. Münaqişənin əvvəllində olduğu kimi, 44 günlük hərbi əməliyyatlarda da Azərbaycanın Milli Ordusunun sıralarında ölkəmizdə yaşayan müxtəlif xalqların yüzlərlə, minlərlə nümayəndələri - əsgər və zabitləri xidmət etmiş, Vətənin müdafiəsinə qalxmışlar. Onların hər biri ölkəmizin ərazi bütövlüyünün bərpası naminə canlarından keçməyə hazır olduqlarını misilsiz şücaətləri ilə sübuta yetirmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş yüzlərlə şəhidin arasında müxtəlif xalqların övladları - aqarunovlar, yakovlevlər, polovinkolar, senyuşkinlər və başqaları kimi igid döyüşçülərimiz də vardır. Azərbaycan xalqı onların əziz xatirəsini əbədi yaşadacaq, heç zaman unutmayacaqdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”. Heç də təsadüfi deyildir ki, iyirmi doqquz illik fasilədən sonra qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş «Xarı bülbül» musiqi festivalının mövzusu «Azərbaycan musiqisində multikulturalizm» olmuşdur. Ölkəmizin müxtəlif bölgələrində yaşayan müxtəlif xalqların musiqi qrupları və ifaçıları bu festivalda məhz etnomədəni birliyi, vahid Vətəni tərənnüm etmiş, qardaşlıq mesajını bütün dünyaya yaymışlar. 
     Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörənliyi ilə Azərbaycan xalqının unikal multikultural dəyərlərinin qorunması istiqamətində həyata keçirilən uğurlu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dönmədən davam etdirməkdədir. Bu prioritet istiqamət ölkəmizdə multikulturalizmin Azərbaycan modelinin inkişaf etdirilməsinə və onun təkcə siyasət deyil, həm də Azərbaycan xalqının həyat tərzinə, ictimai təfəkkürdə mövqeyini daim möhkəmləndirən Azərbaycançılıq məfkurəsinin təməl prinsiplərindən birinə çevrilməsinə. bununla da dövlətimizin daha da inkişafına, möhkəmləndirilməsinə yönəldilmişdir. Qeyd edək ki, Azərbaycançılıq məfkurəsinin dərk olunmasının əsasını da məhz vahid Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələrinə söykənən vətəndaş birliyi, vətəndaş identikliyi dayanır. Prezident dəfələrlə qeyd etmişdir ki, «Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır». Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan unikal multikulturalizm siyasəti ölkəmizdə etnomədəni inteqrasiya proseslərinin sürətlənmsinə  güclü təkan vermişdir. Onun beynəlxalq müstəvidə inikasına gəldikdə isə sivilizasiyalar və mədəniyyətlər arasında, fərqli konfessiyalar arasında qarşılıqlı faydalı və bərabərhüquqlu dialoqun formalaşmasına, Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi mövqeyinin daha da güclənməsinə əhəmiyyətli təsir göstərmişdir. 
     Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının inkişafı, buradakı sabitliyin möhkəmlənməsi istiqamətində atılmış uğurlu addımların arxasında Azərbaycançılıq məfkürəsi, multikultural dəyərlər dayanmaqdadır. Sirr deyildir ki, həm də bu dəyərlərin qorunub inkişaf etdirilməsinə görə Azərbaycan regionun ən sabit və lider ölkəsi kimi tanınmaqdadır. Dövlət başçısının yürütdüyü ardıcıl siyasət ölkəmizin dünya birliyində nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatçısına çevirmişdir. Onu da vurğulayaq ki, dünyanın bir sıra ölkələrində, xüsusilə Qərb dövlətlərində multikulturalizmin iflasının əksinə olaraq, Azərbaycanın multikulturalizm modeli nəinki inkişaf etdirilmiş, hətta onun bu sahədə əldə etdiyi zəngin təcrübənin, xalqlararası və dinlərarası dialoq təcrübəsinin təbliği genişləndirilmişdir. Azərbaycan multikulturalizm modelinin dayanıqlı inkişafda olmasının əsas səbəbi isə onun tarixi təcrübəyə söykənməsi, bu siyasətin qısa vaxt ərzində həyat tərzinə çevrilməsidir. Bu, bir daha göstərir ki, Azərbaycandan fərqli olaraq, Qərb siyasətçiləri və mütəxəssisləri qısamüddəli siyasi maraqlardan çıxış edərək «multikulturalizm» anlayışına etnomədəni inteqrasiya mexanizmi kimi deyil, cəmiyyətin formal idarəetmə üsulu, deklarativ təşəbbüs, etnik-dini assimilyasiya, izolyasiya, diskriminasiya vasitəsi kimi yanaşmışlar. Azərbaycan modeli isə etnomədəni rəngarəngliyin  sosial-mədəni və hüquqi müstəvidə təminatı üçün müxtəlif etnik mədəniyyətlərin dirçəldilməsini, qorunmasını və inkişafını dəstəkləmiş, dini-etnik icmaların Azərbaycan cəmiyyətinə fəal inteqrasiya olunması üçün əlverişli şərait yaratmış, mədəni plüralizmi yeni mərhələyə yüksəldə bilmişdir. 
       Fərqli dinlərin, etnik mədəniyyətlərin qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə multikulturalizm və tolerantlıq ənənələrinə malik olması beynəlxalq miqyasda qəbul olunan və etiraf edilən reallıqdır. Qeyd edək ki, multikulturalizm bütövlükdə dünyada müxtəlif etnoslara və dinlərə mənsub olan insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına və etnik azlıqların və azsaylı xalqların inteqrasiyasına yönəldilmiş siyasətdir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu etnomədəni rəngarəngliyi ilə seçilən unikal diskussiya və təcrübə mübadiləsi platformasına çevirmişdir. Azərbaycan Respublikasında bu gün həmin rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini gündəmə gətirmişdir. Multikulturalizmin və tolerantlığın Azərbaycan xalqının həyat tərzinə çevrilməsini bir nümunə olaraq dünyaya tanıtmaq, onun əldə etdiyi təcrübəni inkişaf etdirmək və təbliğini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dövlət başçısının fərmanına əsasən, Mərkəzin qarşısına  multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və onun təbliği mexanizmini hazırlamaq, etnomədəni müxtəlifliyi Azərbaycançılıq məfkurəsinin inkişafına yönəltmək, müxtəlif xalqlara aid mədəni irsi öyrənmək, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək, Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək kimi mühüm vəzifələr qoyulmuşdur. 
      Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi, mədəni-hüquqi islahatlar, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həm regionda, həm də beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər etnomədəni sahayə də özünün müsbət təsirini göstərmişdir.  Eyni zamanda, Azərbaycan xalqlarının dillərini, maddi-mədəni və qeyri-maddi irslərinin qorunub inkişaf etdirilməsi, dini etiqadları üçün heç bir məhdudiyyətin qoyulmaması, əksinə müsəlman ölkəsində kilsə və sinaqoqların tikintisi və bərpası üçün dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi bu gün dünyanın bir sıra ölkələrində örnək olaraq göstərilməkdədir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, «Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər də zəngin olar».  
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan etnik mədəniyyətlərin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, müxtəlif konfessiyalara hörmət və ehtiramın güclənməsi istiqamətində xeyli iş görülmüşdür. Dövlət başçımız təkcə islam dininin maddi-mədəni irsi ilə bağlı deyl, digər ənənəvi konfessiyaların tarixi-memarlıq abidələrinin, dini ibadət və inanc yerlərinin təmiri, bərpası və qorunması ilə əlaqədar bir sıra fərman və sərəncamlar imzalamışdır. Eyni zamanda, onun təşəbbüsü ilə bu istiqamətdə çoxsaylı beynəlxalq konfranslar keçirmiş, qanunvericilik bazası möhkəmləndirilmişdir. 
      Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan bu gün dünyada etnik dini ayrıseçkiliyə və dözümsüzlüyə, ksenofobiyaya, etnomədəni narsisizmə qarşı mübarizədə dünya ictimaiyyətini səfərbər etmək naminə mühüm təşəbbüslər irəli sürür. Təsadüfi deyildir ki, hələ 2010-cu ildə dünyanın müxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi «Qloballaşma, din, ənənəvi dəyərlər» mövzusunda tədbir məhz Bakı şəhərində keçirilmişdir. 2011-ci ildən etibarən ənənəvi xarakter alan Bakı Beynəlxalq Humanitar Forumu da bu qəbildən olan, ümumbəşəri humanitar məsələlərin müzakirə edildiyi nüfuzlu disskussiya platformasıdır. Bu forumda hər dəfə dünyanın 100-ə yaxın ölkəsinən 500-dən çox tanınmış ictimai-siyasi xadimi, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndəsi iştirak edir, səmərəli fikir mübadiləsi aparırlar. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış «Bakı Prosesi» müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə «mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma» kimi tanınmışdır. Eyni zamanda Azərbaycan Respublikasının vitse-prezidenti, birinci xanımı Mehriban Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər isə multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu bir daha dünyaya göstərməkdədir. O, Fransanın paytaxtı Paris şəhərində «Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti» mövzusunda təşkil olunmuş konfransda multikulturalizmin əhəmiyyətini diqqətə çatdıraraq demişdir: «Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik... Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır».  
      Bütün bunlar bir daha göstərir ki, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizmin və tolerantlığın inkişafına, möhkəmləndirilməsinə və təbliğinə  xüsusi diqqət və qayğısının nəticəsi olaraq ölkəmizdə etomədəni münasibətlər özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda müxtəlif xalqların nümayəndələri, fərqli dinlərin daşıyıcıları qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşayır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.  Bu, Azərbaycanda formalaşmış vətəndaş həmrəyliyinin, sağlam etnik və dini münasibətlərin məntiqi nəticəsidir. 2018-ci ildə “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu nailiyyətimizi bir daha vurğulayaraq demişdir: “Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur”.

 

Rəvan Həsənov, 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

Etiketlər