Multikulturalizm Mərkəzi Qafqaz Albaniyası mövzusunda yeni kitab nəşr edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Qafqaz Albaniyasının etno-mədəni irsi” seriyasından sayca ikinci olan məqalələr toplusunu nəşr edib. Kitab bu ilin mayında keçirilən “Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfransın materialları əsasında hazırlanıb. Onlayn formatda keçirilən konfransda 9 ölkəni - Almaniya, Norveç, Fransa, İtaliya, Türkiyə, Rusiya, Litva, Gürcüstan və Azərbaycanı  təmsil edən araşdırmaçı alimlərin məruzələri dinlənilib. Kitabda on biri səkkiz xarici ölkədən olan 26 alimin məqalələri dərc edilib. Məqalələrdə vurğulanıb ki, hələ sovetlər dönəmində Qafqaz Albaniyasının tarixinin araşdırılmasına qonşularımız tərəfindən, yumşaq desək, qısqanclıq var idi. Onların bu ərazilərə iddiaları o zamanlardan mövcud olub. Ermənilər tərəfindən son 30 il ərzində isə bu ərazilərdə təkcə alban-xristian abidələri deyil, həm də islam abidələri də saxtalaşdırılıb və ya talan edilərək məhv edilib. UNESCO və digər müvafiq beynəlxalq qurumların tarixi abidələrin təhrif edilərək dəyişdirilməsi və talan edilməsi faktına diqqəti cəlb edilməlidir. Ona görə ki, dağıdılan, saxtalaşdırılan tarixi abidələr təkcə bizim deyil, həm də bəşəriyyətin maddi-mənəvi irsidir.

Qeyd edək ki, Azərbaycan Respublikası zəngin Alban etno-mədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya,antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, alban etno-mədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.

Kitabın baş redaktoru və ön sozün müəllifi BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorları akademik Fəridə Məmmədova və tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva, layihəyə məsul BBMM-in icracı direktoru Rəvan Həsənov, redaktor BBMM-in əməkdaşı Tahir Kazımlıdır.