Azərbaycanın Vətən müharibəsində Zəfər Günü İsraildə də qeyd edilib

Bu günlərdə İsrailin Netaniya şəhərində Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük Qələbəsinə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbir “İsraildə Azərbaycan evi”nin fəalları və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyi tərəfindən təşkil olunub.

Azərbaycan Dövlət Turizm Agentliyinin İsrafildəki nümayəndəsi Cəmilə Talıbzadə təntənəli tədbirdə iştirak edib.

Diaspor fəalları Anar Fərəcullayevin və Arye Qutun təşəbbüsü ilə tədbir iştirakçılarının hər biri Zəfər rəmzi – “Qarabağ Azərbaycandır” şüarı yazılmış mayka geymişdi. Maykanın üzərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin fotoşəkillərindən düzəldilmiş Azərbaycan xəritəsi vardı.

Tədbirin əvvəlində iki dost ölkənin – İsrail dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib. Sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“İsraildə Azərbaycan evi”nin icraçı direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut tədbiri açaraq İsraildə yaşayan Azərbaycan vətənpərvərlərini salamlayıb.

Arye Qut deyib: “Bu gün sizinlə bərabər xüsusi bir yerdə - Qızıl Ordunun yəhudi əsgərlərinin xatirəsinə həsr edilmiş “Qələbə Abidəsi”nin yanında toplaşmışıq. Mənim babam, Kiyevdən Berlinə qədər döyüş yolu keçmiş, əsl müharibə qəhrəmanı Stoyanovski Boris Yakovleviç də həmin döyüşçülər arasında olub. Bu abidə dağ yəhudilərinin “STMEQI” beynəlxalq xeyriyyə fondunun prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, əslən Azərbaycandan olan German Zaxaryayevin sayəsində ucaldılıb. Təsadüfi deyil ki, bu gün biz məhz bu möhtəşəm abidənin yanında toplaşaraq erməni faşizminə və vandalizminə qarşı Vətən müharibəsində Azərbaycanın böyük Qələbəsini qeyd edirik.

“Dəmir yumruq” adlanan 44 günlük əməliyyat Azərbaycanın erməni işğalçılar üzərində qəti qələbəsi və Ermənistanın tam kapitulyasiyası ilə başa çatdı. “Şanlı erməni ordusu” haqqında mif puç oldu.

Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü birdən-birə yaranmayıb. Son 17 ildə Azərbaycan rəhbərliyi ölkənin iqtisadi potensialını möhkəmlədir, güclü və müasir ordu formalaşması üçün hər cür şərait yaradırdı. Bu gün texnoloji cəhətdən güclü, müasir Azərbaycan ordusu ölkənin müstəqilliyinin möhkəmlənməsində, onun regionda mühüm geosiyasi mərkəzə çevrilməsində çox mühüm rol oynayır”.

İsrailli ekspertin fikrincə, Azərbaycanın erməni işğalçılar üzərində qələbəsi şəxsən Prezident İlham Əliyevin, rəşadətli Azərbaycan əsgəri və zabitinin, bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın çoxvektorlu uğurlu siyasəti sayəsində İsrail dövləti və onunla qarşılıqlı münasibətlər rəsmi Bakının xarici siyasət konsepsiyasında xüsusi yer tutur.

Sonra Birinci Qarabağ müharibəsinin qəhrəmanı, Xocalıda törədilmiş dəhşətli soyqırımı aktının canlı şahidi Əsəd Fərəcov çıxış edib. O qeyd edib ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan döyüşçülərinin 44 günlük Vətən müharibəsi nəticəsində bu münaqişəyə son qoyulub və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Lakin Birinci Qarabağ müharibəsi dövründə Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətmiş, qocalara və uşaqlara da rəhm etməmiş Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu iki Qarabağ müharibəsinin heç birində dinc əhaliyə atəş açmayıb.

Diasporun fəal üzvü, Birinci Qarabağ müharibəsinin iştirakçısı Hafiz Rəhimov deyib: “Azərbaycanın möhtəşəm qələbəsinə görə çox şadam, fəxr edirəm ki, bu gün biz İsraildə bizim üçün müqəddəs olan bu günü “Qələbə abidəsi” kimi monumental əsərin qarşısında qeyd edirik. Fikrimcə, məhz bu yerin seçilməsi heç də təsadüfi deyil.

Biz fəxr edirik ki, daşnak işğalçılara qarşı müharibədə müstəqil Azərbaycanın ilk milli qəhrəmanlarından biri Albert Aqarunov olub. O, Azərbaycan və yəhudi xalqlarının mərdliyini bir daha sübut edib. Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsinə görə çox şadam və buna görə qürur duyuram”.

Azərbaycan diasporunun fəal üzvü Cəmil Məmmədov qeyd edib ki, Azərbaycan xalqı uzun illər boyu öz əzəli torpaqlarının qaytarılmasını arzu edirdi. O deyib: “Biz illər boyu doğma Şuşanı, Azərbaycan mədəniyyətinin beşiyini, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan kimi gözəl şəhərlərimizi nə vaxt görəcəyimizi gözləyirdik. Biz bu torpaqlara qayıtdıq. Lakin Arye Qutun da söylədiyi kimi erməni işğalından sonra Qarabağda bircə ev, uşaq bağçası, məktəb, kitabxana, muzey salamat qalmayıb, ermənilər, necə deyərlər, daşı daş üstə qoymayıblar. Onlar bu ərazidə kütləvi vandalizm, ekoloji və mədəni soyqırımı törədiblər”.

İsrailin Netaniya şəhərində “Qələbə abidəsi” ətrafında Azərbaycanın Zəfər Günü qeyd edilərkən Rəşid Behbudov və Müslüm Maqomayev kimi böyük Azərbaycan müğənnilərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, “Xarıbülbül” mahnısı və “Bayatı Şiraz” muğamı səslənib.

Etiketlər