Vətən müharibəsində düşmən üzərində qazanılan şanlı Qələbə Azərbaycan xalqının birliyinin təntənəsidir

Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək böyük qəhrəmanlıq nümunələri göstərib, igidlik və şücaət nümayiş etdiriblər. Vətən müharibəsində düşmən üzərində qazanılan şanlı Qələbə Azərbaycan xalqının birliyinin təntənəsidir.

Bu fikirlər noyabrın 5-də Bakı Beynəlxalq Multikuturalizm Mərkəzi (BBMK) və Qəbələ Rayon İcra Hakimiyyətinin 8 Noyabr - Zəfər Günü münasibətilə birgə təşkil etdikləri “Biz birlikdə güclüyük” mövzusunda keçirilən konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Qəbələ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransı Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova açaraq, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Qəbələ rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlər veriblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov qeyd edib ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşmən tapdağı altında olan torpaqlarımızı azad etdilər, böyük Zəfər çaldılar.

Bildirilib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Tədbirdə çıxış edən şəhid ataları Cəlil Səfərçinov, Əbülfəz Abdurahmanov, Vətən müharibəsinin qazisi Həbib Bayramov, Udi icmasının üzvü Rafik Danakari Qarabağ savaşında vuruşan ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin Vətən sevgisindən, onların igidliyindən danışıb, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan “Biz birlikdə güclüyük” sənədli filmi nümayiş etdirilib.