Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri Vətən müharibəsində bir yumruq kimi birləşdilər

Noyabrın 4-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçıları “Biz birlikdə güclüyük” sənədli filminə baxıblar.

Sonra çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Emin Quliyev tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək, Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin, o cümlədən lənkəranlı döyüşçülərin qəhrəmanlıqlarından danışıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli çıxışında qeyd edib ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşmən tapdağı altında olan torpaqlarımızı azad etdilər, böyük Zəfər çaldılar.

Bildirilib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən birinin multikulturalizm təşkil etdiyini vurğulayan Y.Məmmədli, Ulu Öndərin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirdiyi siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri kimi talışlar da böyük Qələbənin qazanılmasında əsl qəhrəmanlıq göstəriblər.

Tədbirdə çıxış edən Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, Vətən müharibəsinin qazisi, kapitan Emil Verdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Lənkəran rayon təşkilatının sədri Saleh Dostiyev Qarabağ savaşında vuruşan ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin Vətən sevgisindən, onların igidliyindən danışıb, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.