“Həqiqətin onomastikası” kitabı daha üç dildə nəşr ediləcək

Sentyabrın 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Həqiqətin onomastikası” kitabına əlavə və dəyişikliklərin edilməsi məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla indiki Ermənistan ərazisində erməni vandalizmi və saxtakarlığına həsr edilən “Həqiqətin onomastikası” kitabının əlavə və dəyişiklik edilməklə təkrar nəşrinin və daha üç (rus, ingilis, fransız) dilə tərcüməsinin nəzərdə tutulduğunu deyib. Bildirilib ki, bu kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dillər Universiteti tərəfindən birlikdə çapa hazırlanaraq nəşr edilib. Azərbaycan həqiqətlərinin üzə çıxarılması istiqamətində mühüm addım olan bu nəşrin bir çox dilə tərcüməsinin, dünya ictimaiyyətinə çatdırılımasının əhəmiyyətini bildirən Kamal Abdulla bu işdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin, diaspor təşkilatlarının vacib rol oynaya biləcəyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tövsiyəsi əsasında hazırlanan bu kitab erməni vandalizminin və saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi məqsədilə bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib.

Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Ermənistan Respublikası ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. Kitabın yeni nəşrində saxtalaşdırılmış bu cür adların sayı artırılacaq, yeni xəritələr yer alacaq.

Qeyd edək ki, nəşrin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəlliflər - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaksiya heyətinin üzvləri BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Ramiz Məmmədov, Milli Məclisin deputatları Musa Qasımlı, Əziz Ələkbərli, Musa Quliyev, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva, filologiya elmləri doktoru Aslan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, layihəyə məsul BBMM-in təhlilçisi Araz Qurbanovdur.

Etiketlər