İtaliyanın Bolonya şəhərində “G20 VIII Dinlərarası Forum” keçirilir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edir. Forumda ölkəmizi Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və mədəniyyət naziri Anar Kərimov təmsil edirlər.  “Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, dini liderlər, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli alim və ictimai xadimlər iştirak edirlər. Forumun açılış mərasimində İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın forum iştirakçılarına ünvanladığı müraciəti oxunub. Forum işini panel sessiyalarla davam etdirib. Üç gün davam edəcək Dinlərarası Forumda COVID-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və etiqad azadlığının, qadın və uşaq hüquqlarının qorunması, irqçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə və sair bu kimi müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə olunacaq. Forumda Şeyxülislam Allahşükür Paşazadənin və mədəniyyət naziri Anar Kərimovun məruzə ilə çıxışları nəzərdə tutulub.