Azərbaycanda fəaliyyət göstərən sinaqoqlar

 Bakı Dağ Yəhudiləri sinaqoqu

Bakı şəhərində, Əli Mərdan Topçubaşov küçəsi, 72 ünvanında yerləşir. Bakıdakı Dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərmişdir. Sovet hakimiyyəti dövründə II Dünya müharibəsi bitdikdən sonra dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır. Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır.

2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar Dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə bu işə başlanılmışdır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72 ünvanda Dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda digər yəhudi məbədlərindən fərqlənən sinaqoqun açılış mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə də İsrail, Rusiya və digər ölkələrdən qonaqlar iştirak etmişlər.

Aşkenazi yəhudilərinin sinaqoqu 

Bakı şəhərində, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu. Sinaqoq 2002-2003-cü illərdə memar Aleksandr Harberin layihəsi əsasında qüds memarlıq üslubunda inşa edilmişdir. Sinaqoq son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır. Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Aşkenazi, Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilmişdi.

2002-ci ildə yeni sinaqoq binasınnın tikilməsi qərara alınmışdır. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak etmişdir. 2003-cü il martın 9-da yeni sinaqoqun açılış mərasimi olmuşdur. Hazırda üçmərtəbəli, ağ daşdan tikilmiş yeni sinaqoqda dindarlar üçün əlverişli şərait yaradılmışdır. Layihədə xüsusi əməyi keçən hər şəxsin və təşkilatın adı məbədin girişindəki lövhələrdə həkk olunmuşdur.

Qırmızı Qəsəbə “Altı günbəz” sinaqoqu

Quba rayonunun Qırmızı Qəsəbəsindəki İsaak Xanukov küçəsində yerləşən sinaqoq 1888-ci ildə inşa edilmişdir; memarı Gilel ben Xaimdir. Altı günbəz (sinaqoq həm də 6 guşəlidir) qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələduz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır.

Böyük ibadət zalı olan sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Yerusəlimə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır.

Pəncərələri altıguşəli ulduz şəklində palıd ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılmış və 2000-ci ilin oktyabr ayında başa çatdırılmışdır. Hazırda dindarların istifadəsində olan məbədin zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx də vardır.

Qırmızı qəsəbə “Giləki” sinaqoqu

Quba rayonundakı Qırmızı qəsəbədə yerləşən “Giləki” adlı sinaqoq Cənubi Azərbaycanın Gilan vilayətindən gəlmiş mühacirlər tərəfindən inşa edilmişdir. Məbədin memarı Gilel ben Xaimdir. Onun adı sinaqoqun kərpic fasadında həkk olunmuşdur. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa bir lövhə də vardır. Burada isə başqa bir tarix, yəni 1857-ci il yazılıb. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilib və sinaqoqun giriş qapısı üzərinə vurulmuşdur. Dördsütunlu dam üzərində ucalan ensiz, altıguşəli günbəz Giləki məbədinə xüsusi gözəllik verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq 12 pəncərə vardır. Tarixi qaynaqlardan məlumdur ki, əvvəllər sinaqoqun yanında bulaq olmuşdur. Ehtimal görə, Qubada XIX əsrin birinci yarısında tikilmiş məscid Gilan məbədi üçün prototip olmuşdur, çünki altıguşəli günbəz bir vaxtlar şüşədən idi və dua otağını işıqlandırırdı. Anoloji dam örtüyü isə Quba məscidində də mövcuddur. Keçmişdə Giləki sinaqoqunda dağ yəhudilərinin digər məbədlərindəki kimi, qadınlar üçün ayrıca otaqlar yox idi. Qadınlar yalnız bayram vaxtı buraya gəlirdilər və sinaqoqun həyətində otururdular. Hazırda isə qadınlar bayram vaxtı məbədə buraxılırlar.

"Yuxaqı məhəllə” sinaqoqu

Oğuz şəhəri, Arzu Əliyeva küçəsində yerləşən Yuxarı məhəllə sinaqoqu 1897-ci ildə Ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilmişdir. Sovet dövründə digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və daha sonra ambar kimi istifadə olunmuşdur.

2004-cü ilin oktyabr ayında sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir olunmağa başlanmış və 2006-cı ildə təmir başa çatmışdır. Sinaqoq hal-hazırda ibadətgah kimi istifadə olunur. Həftənin 5-ci və 6-cı günləri yəhudilər burda sərbəst ibadət edirlər.

“Aşağı məhəllə” sinaqoqu

 Oğuz şəhəri, Qüdrət Ağakişiyev küçəsində yerləşən Aşağı məhəllə sinaqoqu  1849-cu ildə tikilmişdir. Bu sinaqoq Sovet dövründə tütün və mebel ambarı kimi istifadə olunmuşdur. Sinaqoq 1992-ci ildə yerli yəhudilər tərəfindən təmir olunmağa başlamış və 1994-cü ildə başa çatmışdır. Bir əsr yarımdan çox zaman keçməsinə baxmayaraq sinaqoq inşa edilərkən içində istifadə olunmuş dirəklər hələ də sağlam olaraq qalmaqdadır.