Kiyev Milli Universitetində “Azərbaycan multikulturalizmi” tədris ediləcək

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasında “Azərbaycan multikulturalizmi” adlı fakültətiv fənn təsis edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşəbbüsü ilə başlanan bu layihə BBMM-nin himayəsi ilə həyata keçiriləcək.

Fakültətiv fənn çərçivəsində tələbələr multikulturalizmin Azərbaycan modelinin əsasları, xüsusiyyətləri və üstünlükləri ilə tanış olacaq, mədəniyyətlərarası, dinlərarası, etnoslararası dialoqun reallaşdırılması sahəsində Azərbaycanın təcrübəsini öyrənəcəklər.

Universitetdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent İrina Pokrovskaya deyib: “Multikulturalizmin Azərbaycan modeli ilə tanışlıq və bu barədə biliklərin praktikada tətbiq edilməsi həm Azərbaycan ilə fəal dialoq aparan mütəxəssislər üçün, həm də cəmiyyətin əsas dəyərlərinin, sosiumun üzvləri arasında dinc və tolerant qarşılıqlı münasibətlərin qorunub saxlanmasına laqeyd olmayan hər kəs üçün aktualdır. Lakin azərbaycanşünas tələbələrə son dərəcə zəngin Azərbaycan dili ilə bərabər bu xalqın bənzərsiz mədəniyyətini, çoxəsrlik ənənələrini, başqa mədəniyyətlərin nümayəndələrinə tolerant münasibəti aşılamaq, multikulturalizm anlayışını izah etmək və onu tədris prosesinə implementasiya etmək, multikulturalizmin əsas prinsiplərinin öyrənilməsi Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasında xarici dil kimi Azərbaycan dilini öyrənən tələbələr üçün təhsil prosesinin mühüm tərkib hissəsidir. Məhz bu səbəbdən, belə bir tematik fakültətiv kursun tətbiq olunmasını aktual hesab edirik. Bu, Azərbaycan multikulturalizmi haqqında nəzəri bilikləri dərinləşdirməyə və bütövlükdə Azərbaycana maraq səviyyəsinin artmasına kömək edəcək”.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasında Azərbaycan dili müəllimi, Azərbaycan qrupunun kuratoru İrina Dəmirəzən qeyd edib ki, bu fakültətiv kursun tətbiqi tələbələr üçün çox aktualdır.

İrina Dəmirəzən vurğulayıb: “Tolerantlıq və qarşılıqlı hörmət Azərbaycan mədəniyyətinin hərəkətverici anlayışlarıdır, buna görə də Azərbaycan multikulturalizminin tarixinin, bu anlayışın əsas prinsiplərinin öyrənilməsi, Azərbaycanda dövlət siyasəti olan multikulturalizm siyasətinin izah edilməsi gələcəkdə Azərbaycan-Ukrayna münasibətlərini inkişaf etdirəcək tələbələrin dərin peşə biliklərinin formalaşmasına kömək edəcək”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk qeyd edib ki, ukraynalı tələbələr BBMM tərəfindən həyata keçirilən Ukrayna-Azərbaycan layihələrinin reallaşdırılmasında fəal iştirak edirlər. “Azərbaycan multikulturalizmi” fakültətivinin təsis edilməsi çoxdan gözlənilən və vaxtında başlanmış bir layihədir. O, Ukrayna gəncləri arasında Azərbaycanın populyarlaşmasına kömək edəcək.

https://azertag.az/xeber/Kiyev_Milli_Universitetinde_Azerbaycan_multikulturalizmi_tedris_edilecek-1579789