“The Jerusalem Post”: Albert Aqarunovu – Azərbaycanın yəhudi əsilli Qəhrəmanını xatırlayarkən

Yarım il bundan əvvəl multikultural və tolerant Azərbaycanın paytaxtında Azərbaycanın yəhudi qəhrəmanının şərəfinə ucaldılan abidənin açılışı olub. Əsl qəhrəman Albert Aqarunov haqqında tarixi bilən Azərbaycanın yəhudi icması və bütün dünyada yaşayan yəhudilər üçün həmin gün xüsusi və əlamətdar gün idi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut bu barədə bir neçə gün bundan əvvəl İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində özünün “Albert Aqarunovu – Azərbaycanın yəhudi əsilli Qəhrəmanını xatırlayarkən” adlı məqaləsində yazıb.

“Həmin gün Bakıda Albertin möhtəşəm heykəlinin hərbi ehtiramla açılış mərasimi idi. Yəhudi əsilli azərbaycanlı qəhrəmanlarından birinə qoyulan abidənin açılışında Azərbaycan hökumətinin və respublika ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar da iştirak edirdi.

Mərasimdə iştirak üçün bəziləri uzaqdan gəlmişdi. Onların arasında Simon Vizental Mərkəzindən ravvin Avraam Kuper, beynəlxalq dini azadlıq üzrə ABŞ Komissiyasının komissarı və Xristian Liderlər Konqresinin lideri Conni Mur, İsrailin sabiq baş sefard ravvini Şlomo Amar və Avropa, ABŞ və Latın Amerikasından olan bir neçə ravvinl, həmçinin ABŞ-ın müxtəlif ştatlarından olan senatorlar var idi”, - deyə Arye Qut məqaləsində qeyd edir.

Məqalə müəllifi vurğulayır ki, 23 yaşında həlak olan Albert Aqarunov qısa, lakin parlaq və rəşadətli ömür yaşayıb. “O gündən 28 il keçsə də, Azərbaycanda onu sevir və xatırlayırlar. O, Azərbaycan xalqının əsl qəhrəmanı və mərdlik nümunəsidir. Azərbaycanlılar hər zaman onun xatirəsini anacaqlar. Cəsur Aqarunov öz ölkəsinə sədaqətli idi, mərdlik və qəhrəmanlıq nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü qoruyaraq həlak olub.

Albert Bakıətrafı Əmircan kəndində dağ yəhudisi ailəsində anadan olub. Ailəsi əslən Azərbaycanın tanınmış yəhudi kəndindən – Quba rayonunda yerləşən Qırmızı Qəsəbədən idi. Albert Aqarunov öz hərbi karyerasına hələ sovet ordusunda başlamışdı, lakin tezliklə o hiss etdi ki, çox sevdiyi Vətəninə qayıtmaq istəyir. Mənim fikrimcə, dünyada əksər adamlar dünyəvi dövlət olan Azərbaycanın yəhudi əsilli bu milli qəhrəmanı haqqında heç vaxt eşitməmişdilər. Bu yəhudi əsilli Azərbaycan qəhrəmanı özünün tank batalyonunu erməni tanklarının hücumundan müdafiə etməkdən ötrü əlindən gələni etdi. O, yaxşı yoldaş, istedadlı snayper və Vətəninin qürurlu müdafiəçisi idi. Onun həyatının unikal tarixi ölkəsinə olan böyük iftixar və ehtiramla keçib. O ölkədə ki, orada konfessiyalararası qarşılıqlı fəaliyyətin görünməmiş standartları kök salıb, orada Albertin fədakarlığını və qəhrəmanlığını xatırlamaqda və tərifləməkdə davam edirlər”, - deyə Arye Qut İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetindəki məqaləsində vurğulayır.

A.Qut qeyd edir ki, Albert Aqarunov azərbaycanlılar üçün müqəddəs olan Şuşa şəhəri uğrunda döyüşdə öz tankında həlak olub. “Erməni silahlı qüvvələrinin soxularaq Azərbaycanın Şuşa rayonunu işğal etməsindən 28 il keçib. Şuşanın süqutu və işğalı Ermənistan tərəfindən Dağlıq Qarabağ regionunda – Azərbaycanın tarixi və beynəlxalq birlik tərəfindən tanınmış ərazisində hərbi təcavüzün son mərhələsi oldu.

1992-ci il mayın 8-də 366-cı alayın köməyi ilə Şuşanı işğal etmək erməni ordusuna nəsib oldu. Nəticədə Şuşa şəhəri və Şuşa rayonunun 30 kəndi viran edildi, 195 dinc sakin öldürüldü, 165 nəfər yaralandı və 58 nəfər itkin düşdü. Şuşanın 24 mindən artıq əhalisi ölkə daxilində məcburi köçkünə çevrilərək, etnik təmizləməyə məruz qaldı”, - deyə Arye Qut qeyd edir.

Məqalə müəllifi vurğulayır ki, Şuşa şəhəri özünün mədəniyyət abidələri, burada dünyaya göz açan məşhurları - Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Xan Şuşinski, Rəşid Behbudov və digər mədəniyyət və elm xadimləri ilə Azərbaycan mədəniyyətinin ən qədim və tarixi beşiklərindən biri, Azərbaycanın incisi, qürur mənbəyi və mədəniyyət mərkəzi olub.

“Ermənistan tərəfindən işğal edilmiş torpaqlarda Azərbaycanın mədəni və dini irsinin dağıdılması, talanması və təhqir olunması kimi işğalçılıq siyasəti nəticəsində təkcə Şuşada memarlıq abidələri statusuna malik 170-dən artıq bina – 160 tarix və mədəniyyət abidəsi, məscidlər və nadir əlyazmalar məhv edilib”, - deyə Arye Qut vurğulayır.

İsrailli ekspert qeyd edir ki, 1992-ci il mayın 8-dən 9-na keçən gecə zülmət və soyuq idi. “Orada heç bir hərbi hücumun əlaməti yox idi. Kəşfiyyat ermənilərin hücum əməliyyatına keçməsini xəbər verəndə artıq gecədən xeyli keçmişdi. Lakin heç kim irimiqyaslı hücum gözləmirdi. Həmin gecə Azərbaycanın çoxlu qəhrəman oğulları həlak oldu. Onlar Şuşanı, Azərbaycanın incisi və milli mədəniyyətin dayağını müdafiə edərək həlak oldular. Öz həyatını qurban verənlər arasında 23 yaşlı tank komandiri, Azərbaycanın yəhudi əsilli qəhrəmanı Albert Aqarunov da vardı.

Aqarunov erməni ordusunun əsas hədəflərindən biri idi. İşğalçılar onun yəhudi identikliyinə və hərbi bacarığına görə o dərəcədə təhqir olunmuşdular ki, onun başı üçün böyük məbləğdə pul mükafatı verməyə hazır idilər. Albert Aqarunov var qüvvəsi ilə döyüşürdü, çünki o, digər azərbaycanlı əsgərlər kimi Azərbaycanın işğal olunmuş ərazilərində erməni basqınları, etnik təmizləmə aktları və qəddarlıqlarla qarşılaşmışdı.

İsrailə köçmək imkanına malik olan Albert Aqarunov digər azərbaycanlı həmvətənləri kimi öz vətəninin – Azərbaycanın müdafiəsi üçün vuruşmağa qərar verdi. Həqiqətən pak insan olan Albert Aqarunov snayper gülləsinə tuş gəldi, o, öz yoldaşlarının yerdə qalan cəsədlərinin üzərindən keçməmək üçün sürücünü təlimatlandırmaqdan ötrü tankı tərk etdiyinə görə həlak oldu”, - deyə “The Jerusalem Post” qəzetindəki məqaləsində müəllif qeyd edir.

“Albertin igidliyi – bütün insanlar üçün, xüsusən müsəlman dünyasındakı yəhudilər üçün müəyyən mənada emosional rezonansdır. Onun identikliyinin mənası və dərinliyi yalnız ona görə dərk edilir ki, o, dinlərarası harmoniyanın həyat norması hesab edildiyi məkanda doğulub və boya-başa çatıb.

Albert Aqarunov müharibə qəhrəmanı, yəhudi həyatının və bağlılığının simvolu idi. O, nəinki dünyəvi müsəlman ölkəsində, həm də bütün dini konfessiyalarda dərin hörmət və ehtiramla qəbul edilmişdi. Aqarunovun həyat tarixçəsini nəzərdən keçirəndə, hər hansı tarixi hadisə kimi asanca görmək olar ki, əvvəli də sonu kimi mənalıdır. Şuşa heç vaxt özünün Azərbaycan irsini yaddan çıxarmayıb və heç vaxt yaddan çıxarmayacaq, Azərbaycan xalqı da bu gözəl və tarixi şəhəri – Şuşanı yaddan çıxarmayacaq və mütləq Şuşaya qayıdacaq!”, - deyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinə yekun vurur.