VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Mübariz Qurbanlı ilə görüşüb

 

Fevralın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

Görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihənin əhəmiyyətindən danışıb. O deyib ki, Beynəlxalq Multikulturalizm Qış Məktəbi sivilizasiyalararası əlaqələrin təmin olunması baxımından mühüm önəm kəsb edir.

Tələbələrə ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verilib. Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələrinin əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-İslam dini icmalarına maliyyə yardımı göstərildiyini qeyd edib.

Mübariz Qurbanlı görüş iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. O deyib ki, Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, ərazimizin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından qovulub. Ermənistan tərəfi, xüsusilə xaricdəki erməni lobbisinin təsirində olan qruplar Azərbaycan haqqında yanlış məlumat yaymaqla bu təcavüzü ört-basdır etmək istəyir. “Ona görə də sizin kimi gənclərin, bu cür qrupların dostluq niyyəti ilə Azərbaycana gəlmələri bizim üçün çox əhəmiyyətlidir”, - deyə komitə sədri qeyd edib.

Qış məktəbinin iştirakçıları ölkəmizlə tanışlıqdan, Azərbaycanda gördükləri multikultural, tolerant mühitdən məmnun olduqlarını qeyd ediblər.

VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müxtəlif ölkələrdən olan iştirakçılarına Dövlət Komitəsinin işğal altındakı torpaqlarımızda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz və Azərbaycan həqiqətləri, ölkəmizdəki tolerantlıq mühiti barədə nəşrləri təqdim edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 16 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edir.

Запись VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Mübariz Qurbanlı ilə görüşüb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.