Marina Qonçaruk: Azərbaycan multikulturalizmin təbliğində öz üzərinə böyük missiya götürüb

Mən builki Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsində Ukraynanı təmsil edirəm. Biz ölkəmizdə xüsusilə gənclər arasında Azərbaycanın dinlərarası və mədəniyyətlərarası münasibətlərdə əldə etdiyi təcrübəyə əsaslanan bir çox layihələr həyata keçiririk. Ukrayna gəncləri, tələbələr bu müsbət nümunəni öyrənməyə böyük maraq göstərirlər. Mən çox şadam ki, Azərbaycanda multikultralizm mərkəzi kimi tanınan Qubada olmaq imkanı əldə etdim. Bura haqqında çox eşitmişdim. Mənə dağ yəhudilərinin dini icmasının üzvləri ilə görüşmək, buradakı sinaqoqlarla yaxından tanış olmaq çox maraqlı gəldi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Ukraynadan olan iştirakçısı Marina Qonçaruk söyləyib.

M.Qonçaruk Azərbaycanın multikulturalizmin təbliğində öz üzərinə böyük missiya götürdüyünü bildirib. “Dağ yəhudilərinin Qubada yaşayış tərzi barədə öyrənmək mənim üçün vacib idi. Çünki biz Ukrayna universitetlərində keçirilən tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, Azərbaycanda olan tolerant mühit haqqında mühazirələr oxuyuruq. Həmin məlumatlar əsasında ukraynalılarda Azərbaycan haqqında təsəvvür yaranır. Buradakı tolerantlıq modeli Azərbaycanın dünyaya təqdimatının ayrılmaz hissəsidir”, - deyə M.Qonçaruk söyləyib.