Heydər Əliyev zirvəsi

Heydər Əliyev zirvəsi

 

Hər il Azərbaycan xalqı 12 dekabr tarixində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini rəhmətlə anır. O, tarixdə qalmış nadir şəxsiyyətlərdəndir ki, yalnız bir gün anılmır. Kiçikdən böyüyə kimi hər kəsin qəlbində daim yaşayır. Zaman keçdikcə xalqın Heydər Əliyevə olan sevgisi daha da çoxalır.

"Müasir Azərbaycanın qurucusu" Ümummilli lider üçün ümumiləşdirilmiş bir  ithafdır. Ancaq bu ifadənin arxasında əzəmətli və bir o qədər də həyatını risklərə ataraq, reallaşdırılmış işlər dayanır. Azərbaycanın dövlətçilik ənənələrini bərpa etmək, dövlət atributlarını xalqa geri qaytarmaq, hüquq quruculuğu işini yorulmadan təşkil etmək, ölkə iqtisadiyyatını dünyada ən dinamik inkişaf edən iqtisadiyyata çevirmək, bu gün qürur mənbəyimiz olan ordumuzu yenidən qurmaq, "Əsrin müqaviləsi"ni bağlamaqla Azərbaycanın müstəqilliyini əbədi və sarsılmaz etmək onun fəaliyyətinin yalnızca müəyyən bir hissəsini təşkil edir.

Ulu Öndər Heydər Əliyev multikulturalizm anlayışını siyasi müstəviyə qaldıraraq, bu torpaqlarda yaşayan bütün xalqlara və dinlərə bərabər imkanlara sahib olmağı bəxş etdi. Təsəvvür etmək çətin deyil ki, 90-cı illərin əvvəllərində -xalqımız üçün çox ağrılı olan həmin dövrdə Heydər Əliyev bir xilaskar kimi tarix səhnəsinə çıxmasaydı, müasir Azərbaycanın da taleyi də Azərbaycan Xalq Cumhuriyyətinin taleyi kimi qısa ömürlü olacaqdı. O, öz həyatını xalqa həsr etməklə, dəyərli bir ömür yaşadı. Artıq 16 ildir ki, fiziki olaraq bizimlə olmasa da, Heydər Əliyevin irsi yaşayır və yaşadılır.

Azərbaycanın ümummilli lideri, böyük şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq düzgün olmaz. Çünki Azərbaycan xalqı var olduqca, ulu Öndər və onun təməlini qoyduğu işlər də əbədi yaşayacaqdır.

Ruhun şad olsun, Ulu Öndər!

Etiketlər