AZƏRBAYCAN MULTİKULTURALİZMİ DÜNYA GƏNCLƏRİNİN DİQQƏTİNDƏ

Multikulturalizm siyasəti müxtəlif millətlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, etnik azlıqların milli mədəniyyətinin inteqrasiyasına yönəldilmiş bir siyasətdir. Bu siyasi konsepsiya cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin yürütdüyü siyasəti xarakterizə edir. Multikultural siyasətin əsasında isə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Tarixən Azərbaycanda müxtəlif xalqların, eləcə də fərqli dini konfessiyaların mənsubları dinc yanaşı yaşadığı kimi, bu gün də dövlətin apardığı məqsədyönlü siyasət bu ənənənin təkcə qorunmasına yox, həm də inkişaf etdirilməsinə yönəlib.

Multikulturalizm bir sıra ölkələrin sosial, mədəni və eləcə də iqtisadi yüksəlişində mühüm rol oynayır. Müasir dövrdə dünyanın çox az ölkəsi, multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Kanada, Yeni Zellandiya və Avstraliyanı multikulturalizmin güclü inkişaf yolu keçdiyi ölkələrə misal göstərə bilərik. Son dövrlərdə ölkəmizdə multikulturalizm siyasətinin yürüdülməsi Azərbaycanın da bu ölkələr sırasında yer almasına səbəb olub. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti elan olunması xalqımızın mənəvi tarixinə böyük sədaqət aktıdır. Prezident İlham Əliyevin təşəbbüsü və Sərəncamı ilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması yerləşdiyimiz regionun xalqları və dövlətləri üçün gerçək bir nümunə oldu. Yenə də Prezidentin Sərəncamı ilə 2016-cı ilin respublikamızda “Multikulturalizm İli” elan edilməsi bu nümunəni daha parlaq bir şəkildə dünyaya nümayiş etdirdi.

Ölkədə multikulturalizm siyasətinin inkişaf etdirilməsi baxımından görülən əsas işlərdən biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəblərinin təşkil olunmasıdır. Bunda məqsəd Azərbaycanın tarixini, mədəniyyətini, eləcə də multikultural rəngarəngliyini dünyaya tanıtmaqdır. Beynəlxalq Qış və Yay məktəblərinin hər il dünyanın müxtəlif ölkələrindən çox sayda gənc iştirakçı qatılır. Qonaqlar buradakı etnik mədəni müxtəlifliyin, multikultural dəyərlərin qorunmasının bilavasitə şahidi olurlar. Azərbaycana gələn gənclər xalqımızın qonaqpərvərliyindən, mehribanlığından ağızdolusu danışır, Azərbaycanın multikulturalizm modelini öz ölkələrində də tətbiq etməyin tərəfdarı olduqlarını bildirirlər.

Ölkəmizdə multikuluturalizmin inkişafı sahəsində görülən işlərdən biri müxtəlif mövzularda gənclər forumunun təşkil edilməsidir. Azərbaycan multikulturalizminin dünyada geniş tanıdılmasına layiqli töhfə verən belə tədbirlərdən biri “Bakı mədəniyyətlərarası gənclər forumu 2019: Dinlərarası dialoqdan fəaliyyətə doğru” çərçivəsində həyata keçirilən IX Beynəlxalq Multikulturalizm Yay məktəbi və IV ACWAY Forumu oldu. Bu forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ACWAY beynəlxalq təşkilatının birgə layihəsi əsasında həyata keçirildi. Tədbir çərçivəsində Azərbaycana dünyanın bir sıra ölkəsindən xeyli gənc qonaq gəlmişdi.

Əlamətdar haldır ki, hər il Azərbaycana gələn dünya gəncləri ölkədəmizdəki multikultural mühitə şəxsən şahid olmaqla yanaşı, ölkəmizə, xalqımıza doğmalaşır, vətənlərinə bu sevgi, bu rəğbətlə qayıdırlar. Onlar ölkəmizin dostlarına çevrilir, könüllü olaraq disaspor fəaliyyətinə qoşulur və Azərbaycan həqiqətlərini öz ölkələrində yayırlar. Görülən işlər nəticəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Azərbaycanın gənc dostları” klubu da yaradılıb. Bu kluba dünyanın bir çox ölkəsindən çox sayda gənc üzv olub. Klubun internet resursu vasitəsilə Azərbaycanın tarixi, mədəniyyəti, adət və ənənələri, eləcə də multikulturalizm sahəsində görülən işlər barədə maraqlı məlumatlar və yazılar paylaşılır. Kluba üzv olan və hələ ölkəmizdə olmamış gənclər də Azərbaycan haqqında faydalı məlumatlar əldə edə bilirlər. Klub həmçinin müxtəlif ölkələrdən olan insanların bir-biri ilə ünsiyyətə girməsinə də vasitəçilik edir. Bundan başqa

İnanırıq ki, ölkəmizin xaricdə yaşayan gənc dostları gələcəkdə də Azərbaycanın maraqlarını əziz tutacaq və hansısa sosial-siyasi mövqelərə yüksələndən sonra da xalqımıza dost münasibəti bəsləməyə davam edəcəklər.

Şəmşad ƏLİZADƏ
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Layihələr şöbəsinin aparıcı məsləhətçisi
Bakı/AZƏRBAYCAN